Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib


Digərləri 23 Yan 2019 18:43:00 167 0

Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevlə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevlə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycan və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini deyib, iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb. Bu münasibətlərin Azərbaycan və Türkmənistan rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edən Komitə sədri 2018-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. DGK sədri səfər zamanı imzalanmış sənədlərin, o cümlədən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə iki ölkənin gömrük orqanları arasında sazişin Azərbaycan-Türkmənistan münasibətlərinin genişlənməsinə xidmət etdiyini söyləyib, bununla hər iki dövlətin bütün sahələrdə, o cümlədən gömrük sferasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.