Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı


Digərləri 23 Yan 2019 15:54:00 241 0

Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbində (BANM) Çinin ən böyük transmilli şirkətlərindən olan "Huawei" şirkətinin Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, "Huawei" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin, şirkətin proqramlar üzrə menecerləri Eldar Cəbrayılov və Tao Ziven, Ali Məktəbin tələbləri və məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov çoxlu sayda transmilli şirkətlərlə əməkdaşlıq edən BANM-ın partnyorları sırasına "Huawei" şirkətinin də qoşulmasından çox məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, gələcək nəsli İT baxımından daha mükəmməl yetişdirmək məqsədilə biliklərini daim paylaşan "Huawei" şirkətinin BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və bu ixtisasda təhsil alan tələbələrilə çalışması onun sosial iş prinsiplərilə üst-üstə düşəcəyini deyib.

"Huawei" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin avtomatika sahəsində güclü mütəxəssislər hazırlayan BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirdiyini və bu əməkdaşlıq üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu qeyd edib.

Daha sonra şirkətin proqramlar üzrə meneceri Tao Ziven  Ali Məktəbin tələbələrinə şirkətin tarixi, onun fəaliyyət sahələri, korporativ dəyərləri, iş prinsipləri haqqında təqdimat edib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.