"Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək"


Digərləri 23 Yan 2019 09:57:00 186 0

"Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək"

Hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər - bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər. 

Son.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Magistr" jurnalının bu il üçün ilk nömrəsinə yazdığı "Ön söz"də bildirib. 

O qeyd edib ki, ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur: "DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının elmi-metodik təhlili aparılıb, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilib, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülüb, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanıb. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanan "Məntiq testləri" və "İnformatika" adlı vəsaitlərdən istifadə edə bilərlər.

DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır. Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür.

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək. Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır ki, DİM-in internet saytında yerləşdirilib.