DİM sədri: Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək


Digərləri 23 Yan 2019 09:53:37 172 0

DİM sədri: Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək

Bakı. Ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının bu il üçün ilk nömrəsinə yazdığı “Ön söz”də bildirib. Şura sədri deyib ki, hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər: "DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodik təhlili aparılmış, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilmiş, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülmüş, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanmışdır. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanmış “Məntiq testləri” və “İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər". M.Abbaszadə bildirib ki, DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır: "Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür".