BƏƏdə iki görkəmli dini xadimin tarixi səfərlərinə hazırlıq görülür


Dünya 23 Yan 2019 07:50:00 287 0

BƏƏdə iki görkəmli dini xadimin tarixi səfərlərinə hazırlıq görülür

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki böyük dini xadimin - katolik kilsəsinin başçısı Papa Fransisk və Əl-Əzhər məscidinin Baş imamı Şeyx Əhməd Əl-Tayyibin gələn ay həyata keçiriləcək səfərlərinə hazırlıq görür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin ay Roma Papasının ilk dəfə Körfəz Ölkələri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin birinə səfəri ilə görkəmli din xadimi olan Baş imam Şeyx Əhməd Əl-Tayyibin səfərinin üst-üstə düşməsi ilə əlamətdar olacaq.

Qeyd olunur ki, hər iki səfər Əbu-Dabinin vəliəhd şeyxi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanın müavini şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şəxsi dəvəti ilə həyata keçirilir.

Hazırlıq işlərinin gərgin vaxtında tədbirlərin təşkilatçıları dünyanın iki görkəmli din xadiminin görüşünə həsr olunmuş və qardaşlıq, sevgi, sülh dialoqu dəyərləri daşıyan "İnsanlığın qardaşlığı görüşü" adlı rəsmi loqotip hazırlayıblar. Fevralın 3-dən 5-dək Əbu-Dabidə keçiriləcək səfərlərdə iki dini lider arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlığın və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.

Səfərlər çərçivəsində ən əlamətdar hadisə isə Papanın fevralın 5-də "Zayed" stadionunda BƏƏ və qonşu ölkələrdən 135 min nəfərin iştirakı ilə keçirəcəyi messa olacaq. Bu hadisə ölkədə bugünədək keçiriləcək ən möhtəşəm tədbir kimi yadda qalacaq.