Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı?


Digərləri 22 Yan 2019 23:05:00 360 0

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı?

Ən böyük ədalətsizlik...

Türk professor Səfa Sayqılı hesab edir ki, uşaqlar arasında cinsi fərq qoymadan tərbiyə etmək ədalətsizlikdir.

Uzman həkimin sözlərinə görə, oğlan və qız uşaqlarının duyğuları fərqli olduğu üçün tərbiyə üsulu da ona uyğun olmalıdır: "Qız və oğlan uşağını cinsiyyətini hər vaxt ön plana çıxararaq tərbiyə etmək lazımdır. Oğlanı qız, qızı oğlan kimi böyütmək onlara edilən ən böyük ədalətsizlikdir. Qız və oğlan fiziki baxımdan fərqli yaradıldığı kimi, duyğuları da fərqli olur. Bu səbəbdən qız və oğlan uşağının tərbiyəsində mütləq fərq qoyulmalıdır". Həkim hesab edir ki, cinsi tərbiyə uşaq yetkinlik yaşına çatana qədər davam etməlidir: "Cinsi tərbiyə uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır. Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Ata qızları, ana isə oğlanları çimizdirməkdən nə qədər tez uzaqlaşdırılsa, bir o qədər yaxşı olar. 5-6 yaşlı uşaqların əksəriyyəti artıq nisbətən müstəqil olaraq çimmək, yuyunmaq iqtidarında olurlar. Onlara, sadəcə, belini sürtməkdə, sabunlamaqda və başını yumaqda yardımçı olmağınız kifayət edər. Həmçinin, uşağı vannaya da alt paltarında otuzdurmaq, ona ehtiyacı olan yardımı göstərdikdən sonra isə vanna otağından çıxmaq lazımdır ki, digər yuyunmaq hərəkətlərini uşaq özü etsin".

"Sən qızsan?"

Son.az kaspi.az-a istinadən bildirir ki, psixoloq Narınc Rüstəmova hesab edir ki, valideyn 6 yaşına qədər oğlan uşağı ilə qız uşağının tərbiyəsində böyük fərq qoymamalıdır: "Uşaq tərbiyəsində cinsi ayrımlıq mühüm rol oynayır. 6 yaşına qədər uşaqların cinsiyyətini kəşf etmə dönəmidir ki, o dövrə qədər oğlan uşağı qız kimi, qız uşağı oğlan kimi rəftar edə bilir. Bu proses 6 yaşına qədər heç bir halda qorxulu deyil. Bəzi hallarda 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayırlar. Bu, heç də uşağın öz burnuna, qulaqlarına, göbəyinə və digər orqanlarına olan marağından başqa bir şey deyil. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. Əgər uşağınızın belə işlə məşğul olduğunu görsəniz, onu qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Bu zaman ehmalca olaraq uşağın başını başqa bir maraqlı məşğuliyyətə cəlb etmək məsləhət görülür. Bu dövrə qədər valideynlər uşaqlar arasında kəskin fərq qoymamalıdırlar. Amma 3 yaşından etibarən uşağın tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bu periodda valideynlər bəzən müşahidə edirlər ki, oğlan uşaqları anasının hündür ayaqqabılarını geyinmək istəyir, qız da atasının köynəyini geyinir. Xüsusən oğlan uşaqlarında bu, panika yaradır. Çünki qız uşağını düşünürlər ki, kişi qeyrətlidir, qız uşağı oğlan oyuncağı ilə oynayarkən valideyn normal qəbul edir. Amma oğlan uşağında bu, normal qarşılanmır. Hansı ki təbiidir. Bu dönəmdə uşaq həm qızın, həm oğlanın xüsusiyyətlərini öz üzərində daşıyır. Hər ikisini kəşf edərək öyrənməyə, arasındakı fərqi görməyə başlayır. Valideynlər belə situasiya ilə qarşılaşanda buna gülməməlidir. Lakin yaxşı bir şey olmadığı mesajını da ötürməməlidir ki, uşaq bunu oyun şəklinə çevirib intensivləşdirməsin. Vurmaq, ayıblamaq, utandırmaq, "sən qızsan?", "arvad kimisən" demək də olmaz. Çünki bu dönəmdə hələ onun cinsi kimliyi formalaşır. Bunlar təbiidir. Uşaq ətrafda gördüyü hər bir şeyi özünə bənzətməyə çalışır. Hətta, baxdığı cizgi filminin personasını belə özünə bənzədir. Bu, qorxulu deyil".

"İlk sevgili valideyndir"