Bu il 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur


Digərləri 22 Yan 2019 18:33:00 252 0

Bu il 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur

Artıq 17 aqropark fəaliyyət göstərir.

Bakı. 2019-cu ildə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib. Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud arqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmı artıq öz nəticələrini verir. Bu mexanizm çərçivəsində 97 sahibkara indiyədək 8,5 mln. manat, 2018-ci ildə isə 80 sahibkara 5 mln. manatadək vəsait geri ödənilib. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways" təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələrində stendlər yerləşdirilib. 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 “Azərbaycan Ticarət Evi” açılıb. Bu ilin yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Abu-Dabi şəhərində və Qazaxıstanda “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur. 2018-ci ildə Çində 2 “Azərbaycan Şərab Evi” açılıb. Xarici ölkələrdə Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdiriləcəkdir. Bundan başqa, Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 2018-ci ildə 23 iclası keçirilib, süd və süd məhsulları, zeytun, çay, xurma, mebel, maşın və avadanlıq istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, 200-dən çox şirkətə ixraca dair xidmətlər göstərilib. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8%, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8%, sənaye məhsullarının ixracı 6,2%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2% artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib. Kollegiya iclasında ixrac missiyalarının, işgüzar görüşlərin səmərəliliyinin daha da artırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.