Dövlət İmtahan Mərkəzi yeni “videodərs” sosial layihəsinə başlayır


Digərləri 22 Yan 2019 11:12:00 174 0

Dövlət İmtahan Mərkəzi yeni “videodərs” sosial layihəsinə başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sosialyönümlü yeni layihəyə start verilib.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sosialyönümlü yeni layihəyə start verilib. Layihəyə əsasən fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “videodərs” formasında təqdim ediləcək. DİM-dən Trend-ə verilən məlumata görə, “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq. Həmçinin valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq. Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “videodərs” formasında hazırlanacaq. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır. Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Videoçarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır. Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcək. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “videodərs”lər DİM-in “Youtube” kanalına yerləşdiriliib. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.