Bütöv Quranın məğzi bu ayədə toplanıb


Digərləri 22 Yan 2019 07:31:00 212 0

Bütöv Quranın məğzi bu ayədə toplanıb

Bismillahir-Rəhmanir-Rəhim

Tarix boyunca Fatihə surəsinin təfsiri istiqamətində xeyli işlər görülmüşdür. Müxtəlif alimlərin surəyə yazdığı təfsirlərin həcmi bir neçə səhifədən bir neçə yüz səhifəyə kimi dəyişir. Nümunə üçün qeyd edək ki, аyətullah Cavadi Amulinin qələmə aldığı "Təsnim" təfsirində Fatihəyə həsr edilmiş bölüm 350 səhifəyə yaxındır.

Təbiidir ki, məsumların nəinki bütöv Fatihə surəsi, hətta bircə "" ayəsi barədə bilikləri bundan qat-qat artıq idi. Bir gecə İmam Əli (ə) öz əmisi oğlu, yaxın səhabəsi və mahir Quran bilicisi Abdullah ibn Abbasın əlindən tutub qəbristanlığa apardı və Qurandan bir ayə oxumasını istədi. İbn Abbas "" ayəsini oxudu. Bundan sonra İmam Əli (ə) "Bismillah"ın əvvəlindəki "ba" hərfinin mənasını sübh açılıncaya kimi təfsir etdi (Ayətullah Reyşəhri. Movsuətül-İmam Əli ibn Əbitalib, 10-cu cild, səh. 55).

Son.az islam.az-a istinadən bildirir ki, İbn Abbasdan nəql edilən başqa bir rəvayətdə deyilir ki, gecələrin birində İmam Əli (ə) onunla birlikdə şəhər kənarına çıxmış, "əl-həmd" sözündəki 5 hərfin (əlif, lam, ha, mim və dal) hərəsinin təfsiri barədə bir saat danışmışdı. Sübh açılana kimi davam etmiş bu dərsdən sonra İbn Abbas deyirdi ki, Əlinin (ə) elmi ilə müqayisədə öz elmimin dərya kənarındakı gölməçə boyda olduğunu anladım (Nəbhani. Əl-Şərəf əl-müəbbəd li-Al-Mühəmməd, səh. 58).

İmam Əli (ə) bu ayənin tükənməz mənalarına işarə edərək buyurmuşdur: "Əgər istəsəm, "Bismillah"ın əvvəlindəki "ba" hərfinin mənalarını 70 dəvə уükü qədər incələyərəm" (Şeyx Süleyman Qunduzi Hənəfi. Yənabiül-məvəddə, 1-ci cild, səh. 205 və 3-cü cild, səh. 209).

Hənəfi alimi Şeyx Süleyman Qunduzi "əl-Yənabiül-məvəddə" kitabında "əl-Dürrül-münəzzəm" əsərinə istinadən yazır: "Bil ki, bütün səmavi kitabların sirri Qurandadır. Quranda olanların hamısı Fatihədədir. Fatihədə olanların hamısı "bismillah"dadır. "Bismillah"da olanların hamısı onun "ba" hərfindədir. "Bismillah"ın "ba"sındakı hər şey isə onun altındakı nöqtədədir. İmam Əli (ə) də buyurub: "Mən "ba"nın altındakı nöqtəyəm" (Şeyx Süleyman Qunduzi Hənəfi. Əl-Yənabiül-məvəddə, 1-ci cild, səh. 213).