Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur (FOTO)


Digərləri 21 Yan 2019 14:43:00 218 0

Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur (FOTO)

UNEC-də “SƏS” Media Qrupunun birgə təşkilatcılığı ilə 20 Yanvar hadisələrinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib.

Bakı. UNEC-də “SƏS” Media Qrupunun birgə təşkilatcılığı ilə 20 Yanvar hadisələrinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib. Trend-in məlumatına görə, tədbir rektor, professor Ədalət Muradovun, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun və Şəhid ailələrinin üzvlərinin iştirakı ilə UNEC-in Memorial-Xatirə Kompleksinin ziyarət olunması ilə başlayıb. UNEC-in professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə davam edən tədbirin açılışı zamanı vətən uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “SƏS” Media Qrupu tərəfindən hazırlanmış “20 Yanvar: Azadlıq Dastanı” adlı film tədbir iştirakçılarını bir daha faciənin baş verdiyi illərə qaytarıb. Filmdə Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğının, insanların müstəqillik arzularını məhv etmək cəhdinin milli qürurumuzu qıra bilməməsi barədə danışılıb. Günahsız insanları gülləbaran edən Sovet rejimi tərəfindən təşkil edilmiş hadisələr zamanı Azərbaycanın o vaxtki rəhbərliyinin acizliyi bir daha üzə çıxıb. Məhz bu zaman, o müdhiş günlərdə xalqımızın Ümummilli lideri Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək təcavüzə kəskin ittiham edərək, etiraz səsini ucaldıb, qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edib. Ulu öndərin qətiyyətli addımı 20 Yanvar hadisələrinə veriliən ilk siyasi qiymət olub. Məhz xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə Qanlı Yanvara siyasi qiymət verilib. Ulu öndərin göstərişi ilə Şəhidlər Xiyabanında Memorial Kompleks ucaldılıb, 20 Yanvar Ümumxalq hüzn günü kimi təsis olunub, Şəhid ailələri dövlət qayğısı ilə əhatə edilib. Film nümayişindən sonra UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edib. Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin olmasını universitetin qürur mənbəyi adlandırıb. Rektor 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Şəhidlərin xatirəsinin əbədi olduğunu bildirən rektor, hər bir azərbcanlının onlar qarşısında borclu olduğunu qeyd edib. Torpaqlarımız düşmən tərəfindən işğalı davam etdikcə şəhidlərin ruhunun rahat olmayacağını bildirən rektor, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirib.