Mənzil idarəçiliyində yeni mərhələnin başlanğıcı


Digərləri 21 Yan 2019 01:30:00 694 0

Mənzil idarəçiliyində yeni mərhələnin başlanğıcı

Ekspertlər deyirlər ki, yeni qaydalar sakinlərin hüquqlarını xeyli dərəcədə artırmış olacaq 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda, o cümlədən Bakıda tikintisi başa çatmış və artıq məskunlaşmış bütün yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə və sakinlərə təhvil verilməsinə başlanır. Belə ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Məcəlləyə əsas dəyişikliklər mənzil qanunvericiliyinin pozulması ilə əlaqədardır. Belə ki, yeni tikililərin tikintisi başa çatdıqdan və həmin binadakı mənzillərin ümumi sayının əlli faizindən çoxu sakinlərin mülkiyyətinə keçdikdən sonra bir ay müddətində MTK ləğv edilməli və bina sakinlərinin yaratdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməlidir. İnzibati Məcəlləyə edilən dəyişikliklər də bununla bağlıdır ki, bu proses üçün zəruri tədbirlər görməyən vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər beş min manat cərimə ediləcək. Qeyd edək ki, qanunvericiliyə əsasən, binanı idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradıldıqdan sonra bu təşkilatın qərarı ilə bina idarəedici şirkətə verilməlidir. Sakinlər özləri bu məsələni həll etməsələr, bu işlə binanın yerləşdiyi bələdiyyə məşğul olacaq. Bu dəyişikliyin mənzillərin idarə edilməsi prosesinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, bu məsələ mənzil idarəçiliyində yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər: "Çünki uzun müddətdir ki, mənzil-tikinti kooperativlərindən mənzil almış sakinlərin, əksər hallarda hüquqlarını pozulurdu. Xüsusilə də mənzil idarəçiliyi məsələlərində buna daha çox rast gəlinirdi. Ümumi qaydalara görə isə kooperativlər binanı sakinlərin istifadəsinə verdikdən sonra bir ay müddətinə ordan çıxmalıdırlar. Yəni idarəetməni sakinlərə verməlidirlər.  Amma əksər hallarda MTK-lar idarəçiliyi sakinlərə vermək istəmirlər. Yeni qaydalar isə təbii ki, sakinlərin hüquqlarını xeyli dərəcədə artırmış olur. Burada artıq bələdiyyələrin də yeni hüquqları yaranır. Çünki ola bilər ki, sakinlər idarəetmə məsələsini öz üzərilərinə götürmək istəməsinlər, yaxud qəbul etmək istəməsinlər. Bu halda yerli bələdiyyə belə bir səlahiyyətə malikdir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) və ya başqa bir qurumu satınalma yolu ilə bu prosesə cəlb etsin. Burada artıq bir növ bələdiyyələr həm əlavə səlahiyyət əldə etmiş, eyni zamanda yerli idarəetmə orqanı kimi ərazilər üzrə çoxmənzilli binaların və ayrı-ayrı mənzillərin idarə edilməsinə cəlb edilmiş olurlar. Bir daha qeyd edirəm ki, yeni qaydalar MTK-lardan  mənzil almış sakinlərin hüquqlarını xeyli dərəcədə artıracaq".


Xəbərə aid fotolar