Nikol Paşinyandan hansı islahatlar gözlənir?


Dünya 20 Yan 2019 19:34:00 365 0

Nikol Paşinyandan hansı islahatlar gözlənir?

İnqilab dalğasında hakimiyyətə gələn, erkən parlament seçkisi ilə qanunverici orqanda mövqeyini gücləndirən Nikol Paşinyan Ermənistanın yeni baş naziri kimi hələ hökumət proqramını təqdim etməyib.

Amma ondan ciddi islahatlara yönəlik proqram gözləyənlər var.

Siyasi məsələlər üzrə təhlilçi Hayk Xalatyan deyir ki, Paşinyandan vergi və məhkəmə islahatları, o cümlədən korrupsiya ilə mübarizə gözlənir.

Siyasi icmalçı Armen Bağdasaryanın fikrincə, Paşinyan nə qədər Qərbə can atsa da, Rusiya ilə münasibətlərini möhkəmləndirməyə məcbur qalacaq və xarici siyasətdə xüsusi islahat apara bilməyəcək.

Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" alyansı Ermənistan parlamentində yerlərin 70 faizindən çoxunu qazanıb.

15 günə kabinet tərtib olunmalı, ondan sonra parlamentə hökumətin proqramı təqdim edilməlidir.

Hayk Xalatyanın sözlərinə görə, Paşinyan hökumət proqramını təqdim etməsə də islahat prioritetləri barədə daha əvvəl danışıb.

Baş nazir ilk növbədə vergi islahatı aparacağını və xarici investisiya cəlb edəcəyini bildirmişdi, o xatırladıb.

"Lakin Ermənistanın hazırkı vəziyyətində buna nail olmaq acan deyil. Bu, həm mürəkkəb xarici-siyasi vəziyyət, həm daxili-siyasi proseslərlə bağlıdır", Hayk Xalatyan əlavə edib.

"İnvestorlar gözləyirlər"

Təhlilçi qeyd edib ki, sərmayədarlar sabitliyi sevirlər: "Hazırda onlar gözləyirlər"

Onun sözlərinə görə, ekoloji problemlər ucbatından Amerika və İngiltərə şirkətlərinin istifadəsində olan qızıl yataqları dayandırılıb, Rusiyanın istifadəsinə verilən Cənubi Qafqaz Dəmir Yolları və Qazprom şirkətlərinə qarşı cinayət işləri qaldırılıb: "Bunları görən xarici iş adamları Ermənistana sərmayə qoymağa tələsmirlər".

Daxili biznesə gəldikdə isə, siyasi təhlilçinin sözlərinə görə, "onun sahibləri əsasən keçmiş hakimiyyətlə əlbir olan oliqarxlardırlar".

"Bəziləri yeni hakimiyyətlə dil tapa bilib, bəziləri dil tapmağa çalışır, digərlərinin ciddi problemləri var və onlar kapitallarını ölkədən çıxarmağa çalışırlar", - Hayk Xalatyan deyib.

Onun fikrincə, əhali hələlik yüksək reytinqə malik olan Paşinyandan bir müddət keçdikdən sonra yaxşılığa doğru dəyişiklər tələb etməyə başlayacaq.

"Odur ki, Paşinyanın siyasi gələcəyi onun az da olsa, iqtisadi artım və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilməsindən asılıdır", - Hayk Xalatyan əlavə edib.

Nikol Paşinyanın "Mənim addımım" bloku növbədənkənar parlament seçkilərində qalib gəlmişdi

Əvvəlcə korrupsiyanı ləğv etmək...

Nikol Paşinyan növbədənkənar parlament seçki kampaniyası zamanı bütün çıxışlarında korrupsiyanın "kökünü kəsmək" niyyətində olduğunu bəyan edirdi, "168 saat" qəzetinin siyasi icmalçısı Armen Bağdasaryan BBC News Azərbaycancanın müxbiri ilə söhbətində xatırladıb.

"Hökumət kabineti tərtib olunmayıb, lakin onun əsas fəaliyyət istiqamətləri korrupsiyaya qarşı mübarizə, iqtisadi siyasətin dəqiqləşdirilməsi, sərmayədarların cəlb edilməsi - bunlar ola bilər. Lakin bunların nə dərəcədə gerçəkləşə biləcəyini söyləmək tezdir, hələ heç hökumət formalaşdırılmayıb", - Armen Bağdasaryan BBC News Azərbaycancanın müxbirinə deyib.

"Korrupsiya olan yerə xarici sərmayədar gəlməz. Korrupsiyanın ləğv edilməsi çox vacibdir, yeni hakimiyyət "bunun əzmindədir və siyasi iradəsi vardır", - təhlilçi deyir.

"Və biz görürük ki, artıq bir sıra yüksək vəzifəli məmur, onların qohumları, yüksək rütbəli hərbi rəhbərlərə, generallara qarşı korrupsiya və qeyri-qanuni yollarla varlanma və digər ittihamlarla cinayət işləri açılıb", - deyə o, bu istiqamətdə müvəffəqiyyət əldə etmək üçün vergi və məhkəmə sistemində islahatların zəruriliyini deyd edir.