İlham və Fərizənin həyatlarının son anları:


Digərləri 20 Yan 2019 16:45:00 680 0

İlham və Fərizənin həyatlarının son anları:

Azərbaycan xalqına ailəmiz adından minnətdaram ki, 29 ildir şəhidlərimizi ziyarət etməyə gəlib, onları bir an da olsa, unutmurlar.

Son.az xəbər verir ki, bu fikri musavat.com-a sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliam zamanı şəhid olan İlham Allahverdiyevin bacısıoğlu Emil Əliyev deyib.

O, dayısının necə şəhid düşməsi barəsində aşağıdakıları söyləyib: "Əvvəlcə hər kəsə təşəkkür edirəm ki, illərdir dayım İlham və yoldaşı Fərizəni unutmayıb, yad edirlər. Dayımın şəhid olmasına gəlincə isə deyim ki, o, hər axşam meydana çıxıb, ocaq başında otururmuş. Eyni zamanda mitinqlərdə də aktiv iştirak edirmiş. 1990-cı il yanvarın 19-da dayım İlham atəş səsləri eşidib və evdən çıxaraq Şamaxinka adlandırılan əraziyə yollanıb. Evdə deyib ki, dostlarıma söz vermişəm ki, onların yanında olam. Orada onu tanıyanların sonradan bizə verdikləri məlumata görə, dayım şəhərin girişində tankın qarşısına çıxıb. Bildirib ki, küçələrdə uşaqlar, yaşlılar var. Tankı durdurun. Elə həmin yerdə də onu vurublar. Tanıyanlar deyirlər ki, vurulduqdan sonra yerdə olan butulkanı götürüb, tanka atmaq istəyib. Lakin buna gücü çatmayıb. Əraziyə gələn təcili yardım maşınını da güllə yağışına tutublar. Ona görə də təcili yardım yaxınlaşa bilməyib. Sonradan dayımı digər maşınla xəstəxanaya çatdırıblar. Hadisədən nənəm və digər ailə üzvlərimiz dərhal xəbər tutmayıblar. Dayımın qayıtmadığnı görüb, Şamaxinka istiqamətinə yollanıblar. Səhərə qədər orada dayımı axtarıblar. Deyirlər ki, güllə yağışı üstümüzə yağsa da, nənəm dayımı axtarmaqdan əl çəkmirdi. Axırı yerdə dayımın şərfini görüblər. Öyrəniblər ki, dayım Respublika Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Orada həkimlər görüblər ki, güllə dayımın ciyərini yaralayıb. Onu reanimasiyaya aparıblar".