Azərbaycan Universitetində 20 Yanvar hadisələri anılıb


Digərləri 20 Yan 2019 01:28:42 643 0

Azərbaycan Universitetində 20 Yanvar hadisələri anılıb

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Bakı. Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarlarına qərənfillər düzülüb, xatirələri ehtiramla yad edilib. Ziyarətin ardından Universitetin tədris binasında 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir açıq elan edildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 20 Yanvar hadisələrinin səbəb və nəticələri haqqında məlumat verilib, sovet imperiyasının süqutunda və Azərbaycanın müstəqilliyini bərpa etməsində oynadığı rola diqqət çəkilib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhrünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsidir. Bildirilib ki, Bakı şəhəri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq və SSRİ-də yaşayan digər xalqları qorxutmaq üçün poliqon kimi istifadə olunub. Amma törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə milli azadlıq hərəkatının daha da yüksəlməsi və Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.