Bakıda və Riqada yanvarın 20-də törədilmiş faciələr anılıb (FOTO)


Digərləri 19 Yan 2019 22:34:41 665 0

Bakıda və Riqada yanvarın 20-də törədilmiş faciələr anılıb (FOTO)

1990-cı ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib.

Bakı. Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 1990-cı ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir hər iki ölkədə eyni gündə baş verən faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Latviya ictimaiyyəti, hökumət nümaayəndələri və Azərbaycan icmasının tanınmış şəxslərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Riqada, sonra Bakıda törədilmiş 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib. 20 Yanvar hadisəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə yetirdiyini söyləyib. Hər iki ölkədə baş vermiş oxşar faciələri heç vaxt unudulmayacaq və yaddaşlara qanla yazılmış azadlıq günü kimi dəyərləndirən səfir azərbaycan və latış xalqlarının iradəsi sayəsində tarixin dəyişdiyini vurğulayıb. Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar arasında qadınlar, uşaqlar və qocaların da olduğunu bildirib. Tankların qarşısına əliyalın çıxan xalq əzmini nümayiş etdirib. Azərbaycan qadınları da ərlərindən, atalarından, oğullarından geri qalmadan ölüm mübarizəsinə qoşularaq şücaət göstərib. Lakin qabaqcadan hazırlanmış bu təcavüz aktı Azərbaycan xalqının demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda əzmini qıra bilməyib. Bir il sonra eyni hadisənin 20 yanvar tarixində Riqada baş verdiyini qeyd edən C.Axundov xalqlarımızın bu zamana qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir daha əmin olduğunu qeyd edib. Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini qeyd edən səfir deyib ki, faciədən bir gün sonra ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pisləyərək Kommunist Patiyası sıralarından çıxdığını bəyan edib. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra isə qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.