Qaradağda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO


Digərləri 19 Yan 2019 20:41:00 585 0

Qaradağda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  FOTO

Qaradağın Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edib.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini alıb.

Milli Məclisin deputatı A.Hüseynov çıxış edərək bildirib ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaq. Dövlət tərəfindən faciə qurbanlarının əziz xatirəsi daim xatırlanacaq, 20 yanvar əlilləri, iştirakçıları isə daim diqqət və qayğı ilə əhatə olunacaq.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.

Görüşdən sonra 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "20 yanvar - xalqımızın Qəhrəmanlıq salnaməsidir" adlı ümumrayon anım mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış olublar.


Xəbərə aid fotolar