Neft möcüzəsi


Digərləri 19 Yan 2019 20:45:00 716 0

Neft möcüzəsi

Naftalan neftinin dünyada alternativi yoxdur. Bu möcüzəli neft yalnız Azərbaycanın Naftalan şəhərində çıxır. Bunun niyə məhz dünyanın yalnız bir nöqtəsində olmasını isə alimlər indiyə kimi izah edə bilmirlər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Naftalan şəhərindəki sanatoriyalardan birinin baş həkimi Nəzakət Əhmədova deyir ki, Naftalan neftini möcüzə adlandıranlar heç də yanılmırlar: "Bu neft əksər xəstəliklərin çarəsidir. Əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Naftalan şəhərində "əsa qəbiristanlığı"nı xatırladan yer var. Buraya şikəst gəlib, sağlam qayıdan insanlar əsalarını həmin "qəbiristanlıq"da qoyub gedirlər. Oradakı minlərlə əsanın üzərində xəstələrin adı və sağaldıqları tarix yazılıb. Uzun illərdir, bir çox çarəsiz, bütün müalicələrdən əllərini üzmüş insanlar məhz burada öz sağlamlıqlarına qovuşublar. Təkcə "əsa qəbiristanlığı" Naftalan neftinin möcüzəsinin əsl sübutudur".

Həkim bildirir ki, prostat vəzinin bir çox xəstəliyindən əziyyət çəkən kişilər illərlə dərman müalicəsi alaraq əldə edə bilmədikləri nəticəyə 1 kurs Naftalan müalicəsi ilə nail ola bilirlər: "Ümumiyyətlə, Naftalan nefti ilə müalicə dərmandan daha effektlidir. Dərman əks və ya əlavə təsirə malikdir. Məsələn, sümük-oynaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar mədə-bağırsağa çox təsir edir. Naftalanla müalicə zamanı isə belə hallar baş vermir. Sonsuzluğun uzun müddət dərmanla müalicəsi aparılanda digər orqanlara mənfi təsiri olur, insanda hormonal çatışmazlıqlar yaranır. Naftalan isə təbii müalicədir. Heç bir mənfi nəticəyə gətirib çıxarmır".

Həkim onu da qeyd edir ki, yerdən çıxarılan neftdən 3 formada istifadə edilir. 1-ci formada xəstə Naftalan vannası qəbul edir. Qalan 2 halda isə təmizlənmiş Naftalan neftindən istifadə olunur. Bir qədər təmizlənən sarı rəngli neftdən fizioterapevtik müalicələr üçün, məlhəmlər, daxilə qəbul edilən tamponlar hazırlanaraq yararlanırlar. "Ag Naftalan" adlı daha çox təmizlənən nefti isə həkim məsləhəti ilə daxilə belə qəbul etmək olur.