20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb (FOTO)


Digərləri 19 Yan 2019 12:09:00 668 0

20 Yanvar faciəsi qurbanlarının xatirəsi  AzMİU-da anılıb (FOTO)

20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mitinq keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.