Quranin ecazi


Digərləri 17 Yan 2019 07:11:00 748 0

Quranin ecazi

Ərəb dilindən tərcüməsi "başqalarını aciz etmək" mənasını verir. Qurani-kərimin bənzərsizliyi və təkrarsızlığı barədə istifadə edilən termindir.

Qurani-kərim bənzərsiz bir kitabdır. Həzrət Mühəmməd Peyğəmbərin (s) sözləri ilə desək, "Quran kəlmələrinin başqa sözlərdən üstünlüyü Allahın başqa varlıqlardan üstünlüyü kimidir". Allahdan savayı heç kim Qurana bənzər kitab yaratmağa qadir deyil. Qurani-kərimin bu bənzərsizlik və təkrarsızlığına "ecaz" deyirlər. Quranın ecazını əsasən iki istiqamətdə aydın şəkildə görmək mümkündür: ədəbi sahədə və elmi sahədə.

a) ƏDƏBİ ECAZ Son.az islam.az-a istinadən bildirir ki, Qurani-kərimin kəlmələrinin zahiri və batini mənaları, düzülüşü, həmahəngliyi və s. xüsusiyyətlər birləşərək Quranın daxilində yalnız ona xas olan bir nizam-intizam yaradır; bu, ədəbi ecazdır. Quran ayələri özünəməxsus qafiyə və ahəngə tabedir, eyni zamanda şeirdən fərqlənir. Məsələn, hamımıza tanış olan "Fatihə" surəsində bütün ayələr "in" və ya "im" sonluğu ilə bitir. Amma bu ahəngdarlığa baxmayaraq, "Fatihə" surəsi bütövlükdə heç də şeir təsiri bağışlamır.

Qurandakı hər söz bir neçə rəmzi məna ifadə edir. Peyğəmbərimiz buyurmuşdur ki, Quranın hər bir kəlməsinin yeddi batini (gizli) mənası var. Buna görə də ayələr yalnız ərəb dilində səslənərkən lazımi effekti verir. Quranın hər hansı başqa dilə tərcüməsi nə qədər ustalıqla edilsə də, yenə ecazı əks etdirə bilmir və naqis görünür.

Quran ayələrinin bir xüsusiyyəti də budur ki, onları asanlıqla insanlar tərəfindən qoşulmuş "saxta" ayələrdən ayırmaq mümkündür. Quranın ayələri ərəb dilindəki bütün ədəbi nümunələrdən, şeir, nəsr və hətta hədislərdən seçilir. Quranın ecazını sübut edən başqa bir cəhət bundan ibarətdir: Qurani-kərim asanlıqla əzbərlənir. 600 səhifəlik heç bir kitab bu qədər rahatlıqla əzbərlənə bilməz. Bu gün dünyada Qurani-kərimi əzbər bilən on minlərlə insan (hafiz) yaşayır.

b) ELMİ ECAZ Qurani-kərim demək olar ki, bütün elm sahələrində o dövrə qədər məlum olan bilikləri tamamlamış, sonradan edilən kəşfləri isə əsrlərlə qabaqlamışdır. Quranda tarix, sosiologiya, cöğrafiya, biologiya, fizika, astronomiya, tibb və s. elm sahələrinə aid ən düzgün məlumatlar toplanmışdır. Bu günə kimi dünya elmi nə qədər nailiyyətlər əldə etmişsə, bunların demək olar ki, hamısını VII əsrdə Allah-təala Quranda bildirmişdir. Dünya şöhrətli bioloq, sonradan İslamı qəbul etmiş professor Moris Bukay Qurana əsaslanan bir elmi kəşfinə görə Nobel mükafatı alarkən belə demişdi: "Əgər mən 20 il bundan əvvəl Quranla tanış olsaydım, Nobel mükafatını o zaman alardım". Nəzərə almalıyıq ki, Quran nazil olduğu dövrdə Ərəbistan dünyanın mədəniyyət və elm baxımından ən geridə qalmış məntəqəsi sayılırdı. Həmçinin, Həzrət Mühəmməd Peyğəmbər (s) də yazıb-oxumaq bacarmırdı ki, başqa xalqların elmi kitablarını oxuyub-öyrənsin, yaxud özündən yeni-yeni kəşflər etsin. Bunlar sübut edir ki, həqiqətən, Quran bəşər imkanlarından qat-qat üstün səviyyəyə malik kitabdır və Allah tərəfindən endirilmişdir.