Bakıda tanışının döyüb öldürdüyü şəxsin anası məhkəmədə dindirildi


Digərləri 16 Yan 2019 17:49:00 589 0

Bakıda tanışının döyüb öldürdüyü şəxsin anası məhkəmədə dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyərək öldürməkdə əqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə 2018-ci il iyunun 2-də Bakı şəhərində baş verib.

Belə ki, P.Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R.Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.

P.Səmədov R.Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib. Görüş zamanı hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və P.Səmədov R.Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.

Məhkəmədə elan olunmuş ittiham üzrə P.Səmədov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum R.Rəhimovun anası Dilarə Rəhimova ifadə verib.

O söyləyib ki, oğlu taksi sürücüsü kimi fəaliyyət göstərib, hadisə günü R.Rəhimov evə pis vəziyyətdə qayıdıb: "Evdə dalaşdığını dedi. Bildirdi ki, "alçaq məni arxadan vurdu". Bu adam mənim oğlumun başına beysbol ağacı ilə vurub. Sonra başı ağrıdığını, yatmaq istədiyini söylədi. Səhərisi gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Tez təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi".