Xərçəngə qarşı yeni mübarizə üsulu tapıldı


Digərləri 15 Yan 2019 22:44:00 449 0

Xərçəngə qarşı yeni mübarizə üsulu tapıldı

İsveçrəli alimlər xərçəng xəstəliyi ilə mübarizədə yeni üsulu uğurla sınaqdan keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.

Tədqiqatçı qrupun rəhbəri Qerhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, bu uğurda yeni hazırlanmış təsir maddələrinin kombinasiyası mühüm rol oynayır. Eyni zamanda, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktorlar olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini "yenidən proqramlaşdırmağa" və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.