İnsanlara xidmət etməyən alimin dəyəri yoxdur


Digərləri 15 Yan 2019 21:10:00 433 0

İnsanlara xidmət etməyən alimin dəyəri yoxdur

Bismilləhir-Rahmənir-Rahim!

İslamın nəzərində insanın tam kamil surətdə inkişafı üçün iki məsələ çox mühümdür. Onlardan birincisi maariflənmə, elm, bilik, agahlıqdır. İkincisi - məsuliyyətdir.

Dünyaya nəzər salsaq, bugünkü mütərəqqi dünyada özünə yer tapmış universal fikir bundan ibarətdir ki, bəşər elmlənərək, maariflənərək və bununla bərabər məsuliyyətə malik olsa - inkişafa doğru gedəcək. Əksinə, geriyə getmənin səbəbi insanların nadanlığından, cahilliyindən və ya məsuliyyətsizliyindən olur.

Bilik əhlinin məqamı

Mübarək İslam dini 14 əsr bundan öncə bəşərə bu həqiqəti elan etmiş, insanlığa bu cümləni çatdırmışdır ki, ey insan, sən həm maariflənməlisən, həm də maariflənmədən irəli gələn məsuliyyətin olmalıdır. Dinimiz həmin o elmlə, o maariflənmə ilə birlikdə olan məsuliyyətin - bu ikisinin bir yerdə olduğu halda, alimin mürəkkəbini şəhidin qanından üstün sayır. Niyə? Çünki, bu mürəkkəb - şəhid qanı yetişdirən bir mürəkkəb olar. Yerlər və göylər, məsuliyyəti olan bilik əhlinə "bəh-bəh" deyər. Niyə? Çünki yer və göy elə bu məsuliyyəti olan agah insan üçün yaradılmışdır.

İslam məntiqində məsuliyyətli, agah olan insan bir qalaya bənzədilib. Bir qalaya ki, haqqın qorunması üçün heç cür alına bilməz və haqqın qorunmasında istisnavi funksiyaya, rola malikdir. İslam məntiqində məsuliyyətli bilik əhli bənzədilib sərhədçilərə. Amma nəinki dünya malının sərhədində dayananlara. Onların durumu - haqqın sərhədində dayananlara, haqla batilin arasındakı qırmızı xətlərdə dayananlara aiddir.

İslam məntiqində məsuliyyətli agah insanların Qiyamət günü şəfaətçi kimi çıxış etmək lütfünə imkan verilir. Onlar tək bu dünyada insanlara kömək edib, xidmət etməklə kifayətlənməzlər. Necə ki, onlar bu dünyada toplumu fiikrləşərlər, Uca Allah onlara Qiyamət günü - o ağır dəqiqələrdə də yenə insanlara, topluma xidmət etmək lütfünü nəsib etmişdir. Onalr insanlara şəfaət vermək kimi yüksək məqama sahiblənə biləcəklər.

Budur İslamın, əziz dinimizin elmə və insanın məsuliyyətinə münasibəti.

Bunun tam əksinə gələk. Bugünkü bəhsimizdə baxaq görək, biliyi olan, amma məsuliyyət daşımaq istəməyən insanlara aid mübarək İslam dinimizin fikri nədir?

Mübarək İslam dini məsuliyyətsiz bilik əhlini, məsuliyyətsiz agahları, məsuliyyətsiz alimləri ciddi qəbul etmir. Zamanımızda bir "mədəniyyət" yavaş-yavaş daxil olur topluma ki, bəzi hallarda adam haqqı deməyə utanar. Amma Quran məntiqində məsuliyyəti yerinə yetirməyən həmin o məsuliyyətsiz bilik əhli açıq-aşkar şəkildə kəskin pislənir.

Həzrət İmam Rzadan (ə) bir hekayə nəql edilir ki, insanın vücuduna çox güclü təsir edir. Hekayədə böyük bir savadlı alimdən söhbət açılır ki, on iki min tələbəsi var idi. O cümlədən, şəhid Saninin də söylədiyinə görə, bu adamın dərsinə 12000 adam gələrmiş. Amma dinimizin məntiqində o, itə bənzədilir. Niyə? Çünki, dinimiz istəyir fəsad törədən məsuliyyətsiz almin aqibəti bütün bəşəriyyət üçün açıqlansın ki, nəticə etibarilə bəşəriyyət bu bəhsdən, bu məsələdən ibrət dərsi götürsün. Sözügedən bu alimin yaşadığı toplumda da çox böyük hörməti var idi. Çox məşhur olan şəxslərdən imiş. Camaat ona bir alim kimi, bir savadlı insan kimi müraciət edərmiş. Camaat deyərmiş ki, bu adam hər şeyin zirvəsidir. Amma, həmin o alim fəsad, ədalətsizlik, bidətlər hökm sürən bir toplumda yaşayırdı. Bu toplumda insanların haqları pozulurdu. İnsanlar həm mənəvi, həm də fiziki işgəncələrə məruz qalırdılar.

Bir gün Musa peyğəmbərin (ə) ardıcılları bu qövmü, bu milləti xilas etmək üçün, bu millətə nicat vermək üçün onlara tərəf hərəkətə keçirlər. Onda bu yerlərin, bu toplumun zalım başçısı öz məğlubiyyətini hiss edir. Sonuncu hiyləyə əl atır. Zalımın yadına o alim düşür. O şəxs ki, hamı onu alim bilir, hamı onu dinin daşıyıcısı bilir, dinin simvolu bilir. Deməli, zalım başçı qərara gəlir bu alimin hörmətindən, bunun varlığından, bunun vücudundan öz mənfəəti üçün istifadə etsin. Gedir ondan istəyir, onun qarşısına tələb qoyur. Deyir, Musanın (ə) tərəfdarlarına nifrətini bildirmək üçün, öz qəzəbini bildirmək üçün get onları lənətlə. Özü də onları açıq-aşkar surətdə lənətlə.

Bu alim toplumda baş verən cinayətlərdən xəbərdar idi. Yəni, belə deyil ki, onun barədə deyələr ki, "yazığın xəbəri yox idi". Bu "yazıq"ların adət üzrə hər şeydən xəbəri olur. Həm keçmişdə, həm də indi. Tarixdə belə qalıb ki, elə o alimin də xəbəri var idi vəziyyətdən. Onun həm baş verən fəsadlardan xəbəri var idi, həm ədalətsizlikdən xəbəri var idi, həm də insanların məruz qaldığı zülmdən xəbəri var idi. Həmin şəxs gecə başını qoyub yatanda, həmin vaxt camaat zülm çəkirdi. Camaatın iniltisi ucalırdı göylərə.

Bəli, onun Həzrət Musanın  (ə) ardıcıllarının gəlişindən də xəbəri var idi. Bilirdi kim gəlir. Bilirdi ki, gələn Allah Peyğəmbəri (ə) və onun qoşununun adamlarıdır. Amma həmin alim imtahanını vermir. O imtahanı ki, məsuliyyəti var idi, onu vermir və öz maddi xeyrini və mənfəətini daha üstün tutur. Öz İlahi məsuliyyətini yerinə yetirmir və zalım başçının sözünə əməl etməyə çalışır.

Bu alimin bir uzunqulağı var idi. Maraqlıdır ki, nəticədə həmin uzunqulaq bu alimdən qat-qat üstün məxluq çıxır. Alim öz uzunqulağına minir və bu lənətləri söyləmək üçün hərəkət edir. Lakin belə məsələlər də var ki, hətta heyvana da İlahi ilham verilə bilər. Alimin ulağına da İlahi ilham verilir ki, hərəkət etmə. Heyvan yerindən tərpənmir. Alim uzunqulağı nə qədər döyəcləyir ki, tez gedək, mən geçikərəm, birdən vaxtında mənə tapşırılan lənətləmə vəzifəsini icra etmərəm, bunlar da işlərini görər. Sonra məndən soruşular ki, niyə kecikdin? Onda durub deməyəcəyəm ki, uzunqulaq hərəkət etmirdi!

Hədislərdə deyildiyinə görə, axırda iş o yerə çatır ki, Allahın qüdrəti və inayəti ilə ulaq dilə gəlir və "alimə" deyir: "Vay olsun sənə! Məni niyə vurursan? Heç bilirsən hara getmək istəyirsən? İstəyirsən mənimlə birgə bir yerə gedəsən ki, orada Allahın Peyğəmbərinə (ə) və imanlı insanlara lənət edəsən!". Burada artıq höccət tamam olur bu alim üçün. Əgər bu alim bu ana kimi bilmirdi nə baş verir, bundan sonra artıq bilməməyə heç bir imkanı qalmır. Özünü satmış bu "alim", təkəbbüründən Allahın çox layiqli bu məxluquna o qədər zərbələr endirir ki, axırda uzunqulaq canını verir.

Nə üçün belə müqayisə?

Quran tam ciddiyətlə, çox açıqlıqla, birbaşa belə insanların və bu qəbildən olan digər insanların kimliyini göstərir. "Əraf" surəsinin 176-cı ayəsində deyilir ki, onun məsəli, bu alçaq xislətli insanın məsəli - itin məsəli kimidir. Ayənin izahında müfəssirlər belə söyləyir ki, yəni necə ki, ani ləzzətlər təşnəsi bir it həqiqətə fikir verməz və heç kim də o itdən narahat olmaz, çünki, it - itdir, bu kişinin də misalı eynilə həmin o itin misalı kimidir. Çünki, bu adamın malik olduğu bilik, onun malik olduğu elm, ona məsuliyyət vermədi. Onda vücudi dəyişiklik etmədi. O, sanki bir it kimi öz maddi məqsədlərinə doğru hərəkət etdi. Yəni, insan, iradəvi olaraq özünü bir itin vəziyyətinə sala bilir ki, ani ləzzətlərini ödəməkdən əlavə onu heç nə qayğılandırmır.