Bankda əmanəti olanlar, bu xəbəri oxuyun!


Digərləri 15 Yan 2019 16:38:00 444 0

Bankda əmanəti olanlar, bu xəbəri oxuyun!

Azərbaycanda əmanətlərin tam sığortalanmasının vaxtı 4 mart 2019-cu ildə bitir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yazan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov xatırladıb ki, göstərilən tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: "Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

Bu sistemin cəmi 50 günlük ömrü qalıb. Bu tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

"Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

Məlum olduğu kimi, ölkə başçısı tərəfindən  2016-cı ilin dekabr ayında təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.

Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30 000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər".