Fevralın 1dən tələbələrin köçürülməsi başlayır


Digərləri 15 Yan 2019 15:21:00 465 0

Fevralın 1dən tələbələrin köçürülməsi başlayır

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.