2018ci ildə də korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb FOTO


Digərləri 15 Yan 2019 13:25:00 439 0

2018ci ildə də korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb  FOTO

Yanvarın 14-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi, 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafa nail olunub, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs veriblər.

Hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaş qəbul edilib.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib.

Həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinib və dövri hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.

Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə rəisi tərəfindən ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 81-ci Plenar İclasında korrupsiyanın qarşısının alınması və aşkar edilməsinə məsul olan dövlət qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Orqanlar Şəbəkəsinə ölkəmizin qoşulması ilə bağlı Bəyannamə imzalanıb.

Son illər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən əlverişli məkan olaraq tanınan Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərdən biri kimi respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası Bakı şəhərində təşkil olunub. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdiyi tədbirdə Assosiyasiyanın rəsmi internet səhifəsinin antikorrupsiya saytının fəaliyyətinin Azərbaycan Prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilib. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən Assosiasiyanın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilib.

Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.


Xəbərə aid fotolar