Zamirə Hacıyevanın istintaqı başlanır:


Digərləri 15 Yan 2019 09:54:25 320 0

Zamirə Hacıyevanın istintaqı başlanır:

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bütün zinət əşyaları müsadirə olunmağa başlayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünən Britaniyanın Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyi (National Crime Agency, NCA) Z.Hacıyevadan 1,1 milyon funt-sterlinq dəyərində "Cartier" üzüyünü götürüb. Müsadirə prosesi Britaniyada qəbul olunan və "McMafia" adlanan qanun çərçivəsində aparılır.

55 yaşlı Zamirə Hacıyeva Londondakı dünyaca məşhur, ən bahalı univermaq sayılan "Harrod's"da bir il ərzində 16 milyon funt-sterlinq məbləğində alış-veriş etməsi ilə gündəmə gəlmişdi.

8,9 karatlıq brilyant qaşı olan "Cartier" üzüyünü Z.Hacıyevaya əri C.Hacıyev alıb. Zamirə Hacıyeva üzüyünü alındığı maliyyə vəsaitinin mənbəyinin qanuni olduğunu sübut edə bilməsə, bu zinət əşyası tam müsadirə ediləcək.

NCA-nın verdiyi məlumata görə, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dönəmdə bankın 35 kerdit kartından istifadə edərək "Harrod's"da pulları sel kimi səpələmişdi.

Bu gün o da bəlli olub ki, qanunsuz əldə olunan və mənşəyi şübhəli varidatla mübarizə qanunu (McMafia) çərçivəsində Zamirə Hacıyevanın və ailəsinin Londondakı 22 milyon funt-sterlinq dəyərində daşınmaz əmlakına da həbs qoyulub.

2018-ci ildə qəbul olunmuş "McMafia" qanuna görə, Britaniyanın hüquq-mühafizə və vergi orqanları siyasi önəmə malik şəxslərin (Politically Exposed Persons, PEP) varidatlarının mənşələrini araşdırmaq, habelə zərurət yaranarsa, bu əmlaka həbs qoymaq səlahiyyətləri əldə ediblər.

Həmin adamlar Avropa Birliyinin iqtisadi məkanından xaricdə olduqlarından onların əməllərindəki rüşvətxorluq və korrupsiya hallarını Britaniyada araşdırmaq de-yure mümkün deyildi.

Lakin artıq qanuni imkanlar yaranıb.

Hacıyevlər ailəsinə məxsus olan əmlaklarla bağlı araşdırmalar davam edir. Ailənin Naytsbricdəki dəbdəbəli evi və Berkşir qraflığındakı qolf-klubu da müsadirə ərəfəsindədir.

2011-ci ildə Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya aldığı "Cartier" üzüyü zərgərə təmirə verilmişdi.

Üzük ən azı 6 ay istintaqda qalacaq.


Xəbərə aid fotolar