Şirvanda “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium keçirilib (FOTO)


Digərləri 12 Yan 2019 18:06:00 490 0

Şirvanda “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium keçirilib (FOTO)

Yanvarın 12-də Şirvan şəhərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub.

Bakı. Yanvarın 12-də Şirvan şəhərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub. Trend-in məlumatına görə, tədbirdə şəhər icra strukturunun, səhiyyə və təhsil müəssisələrinin işçiləri, ətraf rayonlardan olan talassemiyalı ailələrin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı həyata keçirilən tədbirlərin yeni uğurlara yol açdığını bildirib. Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələr reallaşdırdığını qeyd edən Valeh Hüseynov respublikanın müxtəlif regionlarında maarifləndirici tədbirlərin, ödənişsiz tibbi müayinələrin təşkil olunduğunu, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin edildiyini və bunun gələcəkdə də davam edəcəyini deyib. Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov Fondun səhiyyə sahəsində həyata keçirdiyi layihələr, o cümlədən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində, eləcə də bu sahədə profilaktik işlərdə əhəmiyyətli rol oynayır, xəstələrə və onların ailələrinə mənəvi baxımdan dəstək olur. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Musa Quliyev səhiyyə qanunvericiliyində son dövrlər aparılan islahatlardan danışıb. O, səhiyyə xidmətlərinin beynəlxalq standartlara çatdırılması istiqamətində dövlət siyasətini və bu sahədə qəbul edilmiş dövlət proqramlarını xüsusi vurğulayıb. Ətraf rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin iştirak etdiyi simpozium daha sonra elmi sessiyalarda davam edib.