Akademik: "2019cu ilin "Nəsimi ili" elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək"


Digərləri 12 Yan 2019 10:12:00 267 0

Akademik: "2019cu ilin "Nəsimi ili" elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək"

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir, ilk öncə ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək və UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir:

"Bizim üçün 2019-cu ilin Nəsimi ili elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi - böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı "ənə-l-həq" deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası - azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.