Gürcüstanda cinayətkarlıq 58 faiz artıb


Dünya 12 Yan 2019 08:58:00 192 0

Gürcüstanda cinayətkarlıq 58 faiz artıb

Gürcüstanda 2018-ci ilin 11 ayında qeydə alınmış cinayətlərin sayı əvvəlki illə müqayisədə 58 faiz artıb. Ötən il polis orqanları 53 min 637 cinayət hadisəsi qeydə alıb.

Cinayətlərin üstünün açılması da 2017-ci il ilə müqayisədə 19,71 faiz azalaraq 34,43 təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, şəxsi mülkiyyətə qarşı törədilmiş cinayətlər birinci yerdədir. Ötən il 22 min 524 belə fakt qeydə alınıb. Bu da 2017-ci illə müqayisədə 81 faiz çoxdur. Bu cinayətlərin cəmi 24 faizinin üstü açılıb.

Ötən ilin 11 ayında 17 min 556 oğurluq faktı qeydə alınıb. Oğurluq cinayətlərinin cəmi 22 faizinin üstü açılıb.

2018-ci ildə qəsdən adam öldürmə halları da 3 faiz artaraq 69 fakt təşkil edib və polis bu cinayətlərdən yalnız 45-nin üstünü aça bilib. 2017-ci ildə isə belə ağır cinayətlərin 85 faizinin üstü açılıb.