Nexus adlı hava taksisi təqdim olundu VİDEO


Digərləri 12 Yan 2019 07:51:00 214 0

Nexus adlı hava taksisi təqdim olundu  VİDEO

Uber şirkəti ilə əməkdaşlıq edən vertolyot istehsalçısı Bell şirkəti qısa məsafəli uçuşlar üçün nəzərdə tutulmuş hava taksilərinin istifadəyə verilməsini planlaşdırır. Hal hazırda Las Veqasda keçirilən CES 2019 sərgisində Bell şirkəti özünün hava taksisi nəqliyyatını sərgiləyib. Bu barədə Hightech.plus saytı xəbər verib. Şirkətin hazırladığı ilk aerotaksi prototipinin adı Nexus-dur və o, 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Nexus modelinin daxilində 4 nəfər adi sərnişin və bir nəfər pilot yerləşə bilər. Bununla yanaşı aerotaksi modelinin ümumi çəki qaldırma qabiliyyəti 272 kq-dır.

Son.az technote.az-a istinadən bildirir ki, bu hava nəqliyyatı növü elektriklə çalışan 6 pərdən ibarətdir. Onların vasitəsilə Nexus şaquli şəkildə uçuş və enişi reallaşdırır. Bunun sayəsində aerotaksi üçün ayrıca uçuş zolağı lazım deyil. Bunun yerinə onun üçün kiçik vertolyot meydançası da kifayət edir. Qeyd etmək lazımdır ki, daha öncədən Bell şirkəti Uber Elevate layihəsi ilə əməkdaşlıq müqaviləsi bağlamışdı. Bu layihə Uber tərəfindən yaradılıb və müxtəlif növ hava nəqliyyatının inkişafı üçün nəzərdə tutulub.

Gözləntilərə əsasən Bell şirkətinin ilk aerotaksi modelləri artıq 2020-ci illərin ortalarında istifadəyə veriləcək. Nexus, Bell şirkətinin hava nəqliyyatı üzrə yeni model seriyası olacaq. Şirkət təkcə sərnişin daşınmaları ilə kifayətlənmək niyyətində deyil. Belə ki, şirkət özünün hazırladığı aerotaksilər vasitəsilə müxtəlif növ yüklərin daşınmasını reallaşdırmağı da planlaşdırır. Bura həmçinin hərbi məqsədli yüklər də daxildir.