Kimyaterapiyanın zərərli təsirlərini azaldan yeni üsul


Digərləri 10 Yan 2019 21:11:00 182 0

Kimyaterapiyanın zərərli təsirlərini azaldan yeni üsul

Alimlər zənn edirlər ki, xərçəngin kimyaterapiya yolu ilə müalicəsinin insan üçün daha az zərərli olan üsulunu kəşf ediblər.

Bu yeni üsul qan damarının içərisinə kiçik bir süngərin yerləşdirilməsini nəzərdə tutur.

Həmin süngər filtr kimi işləyərək, hədəfə alınmış şişə təsir etmiş kimyəvi preparatın qalıqlarını qandan təmizləyərək özünə hopdurur.

Ekspertlərə görə, yeni müalicə üsulu kimyaterapiyanın xəstədə yaratdığı saç tökülməsi və ürəkbulanma kimi xoşagəlməz yan fəsadları aradan qaldırılacağına ümid verir.

Hələlik yeni üsul donuzların üzərində sınanıb, lakin alimlər yeni müalicə üsulunu insan üzərində də sınaqdan keçirmək istəyirlər.

"İşlər düşünüldüyü kimi getsə, bu, bir neçə il ərzində baş verə bilər", - California Universitetinin əməkdaşı, doktor Nitaş Balsara deyib.

Borucuqlardan ibarət olan sözügedən cihaz 3D printerdə çap edildiyindən onu hər bir xəstəyə uyğunlaşdırmaq mümkün olacaq.

Xüsusi maddə çəkilmiş və filtr kimi işləyən cihazın məsaməli mərkəzi hissəsi dərmanı özünə hopdurur, lakin qana heç bir təsir göstərmir.

Donuzlar üzərində aparılmış yoxlamalar göstərib ki, doksorubisin adlanan kimyaterapiya dərmanının 64 faizini qandan təmizləmək mümkün olub.

Eyni zamanada həmin cihaz ona hopmuş dərmanı özündə saxlayır. Belə ki, laboratoriyada həmin cihaz damardan çıxarıldıqdan sonra suyun altında dəfələrlə yuyulmasına baxmayaraq, onu dərmandan təmizləmək mümkün olmayıb.