Yunus Oğuz: Azərbaycana Mehman Hüseynovla bağlı irad tutan ölkələrin özündə diktatorluqdan da kəskin addımlar atılır


Digərləri 10 Yan 2019 18:00:00 207 0

Yunus Oğuz: Azərbaycana Mehman Hüseynovla bağlı irad tutan ölkələrin özündə diktatorluqdan da kəskin addımlar atılır

2019-cu il başlayandan ölkədə və regionda maraqlı proseslər baş verməkdədir.

Bakı. 2019-cu il başlayandan ölkədə və regionda maraqlı proseslər baş verməkdədir. Həm Mehman Hüseynov olayı üzərindən Azərbaycana yenidən təsir imkanlarının işə salınması, həm Qarabağ problemi ətrafında cərəyan edən proseslər bəzi qaranlıq məqamlardan xəbər verir. Ölkəmizdə və yaxın regionumuzda cərəyan edən proseslər barədə ekspertlər də maraqlı dəyərləndirmələrlə çıxış edirlər. “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri, yazıçı-publisist Yunus Oğuz həm ölkəmizdə, həm də yaxın coğrafiyamızda baş verənlərlə bağlı müsahibə verib. - Yunus bəy, artıq 2019-cu ilin ilk ongünlüyünü yaşayırıq. İl başlayandan həm ölkəmizdə, həm də yaxın və uzaq qonşularımızda maraqlı proseslər yaşanmaqdadır. İstər ölkəmizdə. Istərsə də qonşu ölkələr, xüsusilə Qazaxıstanda baş verən hadisələri necə xarakterizə edərdiniz? - 2019-cu il girər girməz hadisələr maraqlı bir məcra üzrə cərəyan edir. Yadınızdadırsa, 2018-ci ilin son aylarında Ukraynada bir erməni azərbaycanlını güllələdi. Lakin bu hadisənin səsi-sədası o qədər də çıxmadı. Ancaq Qazaxıstanda ermənilərin törətmiş olduğu cinayətin sədası böyük rezonans doğurdu. Bunlar hamısı son bir ayda cərəyan edən proseslərdir. Azərbaycanda isə başqa bir hadisə, Mehman Hüseynov olayı baş verdi. Bütün bunlarla paralel olaraq Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyəyə səfər etməsi, onun PKK və YPĞ barədə xoş sözlər söyləməsi, buna cavab olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Con Boltonu qəbul etməməsi, Boltonun Türkiyədən birbaşa İraqa getməsi və s. bir yerə toplayanda ümumi bir mənzərəyə gəlmək olar. 2019-cu ildə Azərbaycanı Qarabağ məsələsində “əymək” istəyirlər. Bunun da işartıları görünür. Yəni, ümumilikdə “türklərlə bazarlığa getmək mümkün deyil” obrazı yaradılır. Əslində bu əvvəlcə Ukraynada başlamışdı, lakin hansısa reaksiya olmadı. Sonradan bu hadisə Qazaxıstana daşındı. Qazaxıstan barədə də o fikir formalaşdırılır ki, bunlar da türkdür, onlarda demokratiya, demokratik anlam deyilən şey yoxdur. Onlarla zor dilində danışmaq lazımdır. Digər tərəfdən Con Bolton Türkiyə prezidenti tərəfindən qəbul edilmir və o, Ankaranı tərk edərək İraqa gedir. Yəni, bütün bunlar o deməkdir ki, guya türk dünyası ilə danışıqlara getmək olmaz. Bu mövqenin içərisində həm də “Azərbaycanla danışıqlara getmək olmaz” yanaşması var. Ona görə də belə düşünülür ki, bu ölkələrlə zor dilində danışmaq şərtdir. Belə təlqin edilir ki, bu ölkələrdə demokratiya, normal inkişaf olmayacaq. Yəni, bu da Qarabağı erməniyə güzəştə getmək üçün gedən bir oyundur. Son nəticədə butün türk dünyası kontekstində çalışılır ki, Qarabağ məsələsində Azərbaycan Ermənistana güzəştə getsin. Yəni Azərbaycanı zor və ya xoşla məcbur etmək lazımdır ki, bu işğalla barışsın. Ümumtürk kontekstində proses belə gedir ki, bu ölkələrlə heç bir danışıq aparmaq lazım deyil. Onlarla kifayət qədər sərt və zor dilində danışmaq lazımdır. Bəlkə də bu əvvəlcədən hesablanıb ki, son nəticədə bütün türk dünyası Rusiya, İran ilə müttəfiqliyə getsin. Ancaq türk dünyası heç də zəif deyil. Həm Türkiyə, həm də Azərbaycanda kifayət qədər analitik var və bütün bu prosesləri dərindən analiz edib dəyərləndirirlər. - Bu arada Azərbaycanda Mehman Hüseynovla bağlı məsələnin şişirdilərək qeyri-real şəkildə təqdim edilməsi və bundan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək Bakıya qarşı növbəti təzyiq deyilmi? - Təbii. Diqqət edək, xaricdəki antiAzərbaycan dairələrə onların daxildəki maşaları tərəfindən təqdim edilən siyahıda siyasi məhbus adı altında yüzlərlə adamın adı var. Ancaq bu dəfə Mehman Hüseynov amili qabardıldı. Məqsəd də aydın idi. Azərbaycanda demokratiyanın olmadığını iddia etmək, bu yolla ölkəmizə təsir göstərmək. Proseslər də belə təqdim edilirdi ki, adi bir şəkilə görə insanı həbs edirlər. Halbuki bunu Azərbaycana irad tutan ölkələrin özündə tamamilə başqa proseslər gedir və hətta diktatorluqdan da kəskin addımlar atılır. Azərbaycanda piket, mitinq keçirmək üçün əvvəlcədən müvafiq dairələrə müraciət edib öz aksiyanı keçirə bilirsən. Ancaq Fransa bu addımı da qadağan etdi. Lakin hər kəs, Amerika, Avropa, dünyadakı insan haqları, demokratiya təsisatları susdu. Almaniyada da oxşar proseslər yaşandı, “Sarı jiletlilər” aksiya keçirdi. Həmçinin Yunanıstan, Polşa, Hollandiyada aksiyalar keçirildi və həmin aksiyalar zamanı əzilənlər, təzyiqə məruz qalanlar da oldu. Onlara qarşı kifayət qədər sərt tədbirlər görüldü. Ancaq bütün baş verənlərə bir susqunluq nümayiş edildi. Azərbaycanda isə elə bir hadisə baş versəydi aləm bir-birinə dəyərdi. - Sizcə, Azərbaycana qarşı olan bu münasibətin arxasında dayanan əsas amil nədir? İkili standartlar, yoxsa Azərbaycanı sürətli inkişafdan yayındırmaq?