Otellərdə qiymət yüksəkdirsə, turist də "yer yoxdur" cavabı alırsa...


Digərləri 09 Yan 2019 23:01:00 466 0

Otellərdə qiymət yüksəkdirsə, turist də "yer yoxdur" cavabı alırsa...

Yaxşı otel siyasəti ilin 365 günündə turist cəlb etməkdir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər Yeni il ərəfəsində insanların, istirahətlərini təşkil etmək üçün müxtəlif planlar qurmaları təbiidir. Kimisi bayram tətilini yaxın və uzaq xarici ölkələrdə keçirməyə üstünlük verirsə, kimisi də seçimini ölkə üzərində saxlayır. Yeni il bayramı ilə bağlı regionlarda istirahətin və bayram şənliklərinin təşkili üçün otellərin təklif etdiyi qiymətlər bahalılığı ilə müştəriləri bir qədər çaşbaş salsa da, otellərin yer sifarişi bəs qədər oldu. Sosial şəbəkələrdə paylaşılan statusların çoxu regionlarda otellərin qiymətinin kəlləçarxa çıxmasına həsr olundu. Məsələn, 31 dekabr - 1 yanvar tarixlərinə "Qafqaz Tufandag Mountain Resort Hotel"də qiymət 1804 AZN idisə, Quba Palace oteldə qiymət 1699-5199 AZN arasında dəyişib. Ölkə əhalisinin bütün təbəqələrinin büdcəsinə uyğun olmasa belə, otellər qabaqcadan sifariş olunduğundan, müştərilərin çoxu "yer yoxdur" cavabını alıb. Qiymətin bahalılığına baxmayaraq, otellərin sifarişi əsasən daxili turizm hesabına baş tutub. 

Hələlik Yeni illə bağlı bölgələrə istirahətə yollanan turistlərin sayı haqqında dəqiq statistika olmasa da, otellərin "yer yoxdur" cavabı, turistlərin az olmadığına dəlalət edir. Yeni il ərəfəsində ölkənin turizm mənzərəsi qiymətlərin bahalığı, otellərdə yer məhdudluğu və daxili turizmin üstünlük təşkil etməsi və s. kimi nüanslarla yadda qalıb.    Turizm obyektlərinin sayı artdıqca...

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə otellərin qiymət siyasətinin Agentliyə heç bir aidiyyəti olmadığını deyir. Belə ki, otellərin qiymətləri ilə bağlı suala Agentliyin cavabı birmənalıdır: "Otellərin  qiymət siyasətinin bizim quruma heç bir aidiyyəti yoxdur". K.Quluzadə bu il xarici turistlərin az yer alması ilə bağlı sosial şəbəkələrdə yayılan fikirləri düzgün hesab etmir: "11 ayın statistikası xarici turistlərin ölkə üzrə 6 faiz artımını göstərir. O cümlədən, gəlmə turizmi Yeni il ərəfəsində də aktivliyi ilə fərqlənib. Xarici turistlər əsasən regionlara üz tutmuşdular". K.Quluzadə otellərdə yerlərin məhdud olmasını bayram və istirahət günlərində xarici turistlərlə yanaşı, daxili turistlərin də aktiv olması ilə əlaqələndirir: "Belə günlərdə otellərin üzərinə yük düşür. Yəni xüsusi günlərdən öncə insanlar qabaqcadan yerləri sifariş edirlər. Bu, normal dünya təcrübəsidir. Çünki son günlərə qalanda yer tapmaq mümkün olmur". İnfrastrukturun genişlənməsinə gəlincə, K.Quluzadə hesab edir ki, turistlərin sayı artdıqca yeni turizm obyektlərinin tikintisinə ehtiyac yaranır: "Həm xarici, həm də daxili turistlərin sayı artdıqca infrastrukturun genişlənməsi zərurətdən doğur. Təbii ki, hər bir büdcəyə uyğun olan infrastruktur genişlənəcək. Orta və aşağı büdcəli otellərin yaradılması istiqamətində investisiyaların cəlb edilməsi ilə bağlı dövlət müvafiq işləri görür. Özəl sektor üçün həm daxili, həm də xarici investisiyalar olmalıdır". K.Quluzadə infrastrukturun genişlənəcəyi təqdirdə, qiymətlərin aşağı düşəcəyini istisna etmir: "Təbii ki, insanların büdcəsinə uyğun otellərin və digər turizm obyektlərinin sayı artdıqca, bu, qiymətlərin aşağı düşməsinə də təkan verəcək. Rəqabət mühiti formalaşdıqca qiymətlər də bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq tənzimlənəcək".      Qiymət siyasəti düzgün qurulmalıdır