Alimenti babanənədən, bacıqardaşdan,


Digərləri 09 Yan 2019 20:20:00 199 0

Alimenti babanənədən, bacıqardaşdan,

Aliment məsələsinin Azərbaycanda adətən boşanmış ailələrdə ər və arvad arasında qaldırıldığının şahidi oluruq. Lakin bəzən təcrübədə ata və ya ana müəyyən səbəblərdən alimenti ödəmək iqtidarında olmur. Nəticədə isə uşağın və ya uşaqların maddi təminatında problemlər yaranır.

Son.az xəbər verir ki, belə olan hallarda ölkə qanunvericiliyinə əsasən, vəziyyətdən çıxış yolu var. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Ona görə də belə hallarda qanunvericilik alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir.   Belə ki, valideynlərdən birinin imkanı olmadıqda uşaq üçün onun baba və ya nənəsindən də aliment tələb etmək olar. Çünki baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna kifayət qədər imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə də kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər.

Ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən bacı və qardaş yetkinlik yaşına çatmış və maddi durumu buna yol verən bacı və qardaşından aliment tələb etmək hüququna malikdirlər. Məsələn, 18 yaşına çatmayan və maddi cəhətdən imkansız olan qız və ya oğlan ana-atadan yardım ala bilmirsə, o zaman özündən böyük qardaş və ya bacısının yaxşı gəliri varsa, onlardan aliment tələb edə bilər. Bundan əlavə, yetkinlik yaşına çatan, lakin valideynlərindən, ərindən və ya arvadından maddi yardım ala bilməyən şəxslər də bu cür aliment tələbini irəli sürə bilərlər.  

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan valideynlər öz övladlarından, baba və nənələr isə nəvələrdən aliment tələb etmək hüququna malikdirlər.