İsmayıllıya gələn yerli və xarici turistlərin sayı artıb FOTO


Digərləri 09 Yan 2019 08:59:00 354 0

İsmayıllıya gələn yerli və xarici turistlərin sayı artıb  FOTO

İsmayıllı turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir. Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisindən Girdiman, Ax-ox və Göyçay çayları axır. Qalacıq, Cülyan, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsünkar şəlalələr, dağlıq ərazidə təbii göllər, Kürdmaşı və Aşıqbayram kəndləri yaxınlığında irihəcmli sututarları mövcuddur. Zərgaran kəndi yaxınlığındakı "Bədo" adlanan yerdə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında çoxsaylı müalicəvi əhəmiyyətli sular var.

Lahıc və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda aparılan tikintilər xalqımızın qədim memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir.

Bütün bunlar rayonda ovçuluq, balıqçılıq, alpinizm və digər sahələr üzrə turizmin inkişafına, yerli və xarici turistlərin rayona axınının sürətlənməsinə şərait yaradır.

Son.az xəbər verir ki, İsmayıllı Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bütün bu amillər nəzərə alınmaqla İsmayıllıda turizmin daha da inkişaf etdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Son illərdə İsmayıllı şəhərində, Lahıc, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilib, yeni turizm marşrutları müəyyənləşdirilib. Hazırda rayonda 32 istirahət mərkəzi var. Rayon mərkəzində yeni otel tikilir.


Xəbərə aid fotolar