"Kişi ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı yoxlamadan keçsin" VİDEO FOTO


Digərləri 08 Yan 2019 18:26:00 264 0

"Kişi ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı yoxlamadan keçsin"  VİDEO  FOTO

"Bu yaxınlarda bir azərbaycanlı qadın Dubaydan (Birləşmiş Ərəb Əmirlikləri - BƏƏ) gəlirdi. O, dövlət sərhədini keçəndən sonra ayaqyolunda əsasən ərəb ölkələrində istifadə olunan xüsusi paltarı geyinib, ancaq gözləri görünüb, sərbəst şəkildə "Yaşıl kanal"dan keçmək istəyəndə əməkdaşımız şübhələnib. Ona ingilis dilində müraciət edilib ki, yüklərini "Qırmızı kanal"dan keçirsin. Qadın da deyiləni başa düşmədiyi üçün çaşıb. Həmin vaxt onun həyat yoldaşı olan bir cavan oğlan əməkdaşımıza yaxınlaşdı və birdən ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı yoxlamadan keçsin. Təbii ki, biz oğlana ilkin tibbi yardım göstərdik, amma qadını da buraxmadıq". 

Son.az xəbər verir ki, bunu report-a Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini Elmir Quliyev dedi. 

İdarənin ərazisində reportaj hazırlamaq üçün bizə bələdçiliyi o edirdi. 

Reportajımıza İdarənin xidmət mərkəzindən başlayırıq. Mərkəzin qapısından içəri girəndə sol tərəfdə bəyannamələrin verilməsi üçün köşk, sağ tərəfdə isə mal gətirənlərin rüsumlarını ödəməsi üçün banklardan birinin şöbəsi fəaliyyət göstərir. Qarşıda isə gömrük əməkdaşlarının xidməti masaları var.

Hər bir vətəndaş şəxsi istifadə üçün ölkəyə 1 500 ABŞ dolları dəyərində mal gətirə bilər

Elmir müəllim deyir ki, gömrük sistemindəki 27 illik fəaliyyəti dövründə dediyi xoşagəlməz hallarda çox rastlaşıb. Onun sözlərinə görə, belə halların aşkar olunması üçün gömrük işçiləri xüsusi psixoloji hazırlıq keçir: "Bizim əməkdaşlarımız psixoloq olmalıdır".

Söhbətimizə insanları ən çox maraqlandıran məsələlərdən biri - malların güzəştli qiymətə ölkəyə gətirilməsi ilə davam edirik. I müavin deyir ki, hər bir vətəndaş şəxsi istifadə üçün ölkəyə 1 500 ABŞ dolları dəyərində mal gətirə bilər, amma bir maldan iki dənədən çox olmamaq şərti ilə. 

"Şəxsi istifadə üçün bir maldan yalnız 2 ədəd gətirilə bilər. Təsəvvür edək ki, hər hansı şəxs ölkəyə gəlir və özü ilə 1 500 dollarlıq deyil, 500 dollarlıq mal gətirir. Amma bu mallar şəxsi istifadə sayından çoxdursa, 2 ədədi çıxmaq şərti ilə qalan mala rüsum hesablanır. Biz malın dəyərini qəbz (invoys) əsasında və yaxud internet vasitəsilə müəyyən edirik. Onu da deyim ki, məbləğə qoyulmuş limit həddi buluğa çatmayanlar üçün 1 500 dollar deyil, 500 dollardır", - deyə o, qeyd edir. 

E.Quliyevin "1 500 dollarlıq limit bir aylıq, yoxsa bir illik nəzərdə tutulur?!" sualına cavab da qısa olur: "Təbii ki, bu, bir aylıq nəzərdə tutulur". 

Gəzə-gəzə gəlib gözləmə zalında yerləşdirilmiş sensorlu, böyük monitorun yanına çatırıq. Burada Komitənin internet səhifəsi açıqdır. Növbə gözləyənlərdən biri bəyannamə doldururdu. Elmir müəllimə daha bir sual veririk: "Tutaq ki, bir vətəndaş xaricdən gətirdiyi ödəniş qəbzində qiymət 500 dollar göstərilib, amma siz internet vasitəsi ilə bu məhsulun başqa qiymətə olduğunu müəyyən edirsiniz. Bəs bu zaman mübahisələr necə həll olunur?"

"Biz həm də vətəndaşın xaricə gediş-gəlişinin mütəmadiliyini nəzərə alırıq. Hər bir insana fərdi yanaşmaq lazımdır. Əgər vətəndaş endirimlə mal alırsa və qəbz təqdim edirsə bu qəbzi  araşdırırıq. Həqiqətən də həmin məhsul bu qiymətə satıla bilərsə, qəbz qəbul olunur. Elektron şəkildə təqdim edilən bəyannamədə vətəndaşın əvvəlki səfərlərdə özü ilə nə gətirməsi ətraflı qeyd edilir. Əgər bir neçə ay eyni məhsul gətirilirsə, deməli bu şəxsi istifadə üçün deyil, kommersiya məqsədi üçün nəzərdə tutulub. Bir televizoru və yaxud telefonu axı nə qədərsə işlətmək olar."

Ölkəyə gətirilən və bayan edilməyən malın dəyəri 4 min dolları ötərsə cinayət işi açılır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xidmət mərkəzində növbə təyin etmə sistemi ilə maraqlanırıq. Elmir müəllim deyir ki, vətəndaşlar içəri daxil olarkən xüsusi qurğuda xidmət növünü seçir və çap olunmuş qəbzdə növbəsi göstərilir. Növbə gözləyən şəxs həmin vaxtı səmərəli keçirmək üçün quraşdırılmış xüsusi monitor vasitəsi ilə DGK-nın digər xidmətlərindən yararlana, rəsmi şəxslərə məktub ünvanlaya bilər.