Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib (FOTO)


Digərləri 07 Yan 2019 19:42:00 457 0

Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib (FOTO)

Elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs - Bakının Yasamal rayon sakini Ramazan Camaləddin oğlu Şabanov olub.

Bakı. Pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, pensiya hüququ yaranmış şəxslərə onların hər hansı bir quruma müraciət etmədən elektron qaydada pensiya təyinatı həyata keçirilir və bu barədə onlara sms vasitəsilə məlumat göndərilir. Elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs - Bakının Yasamal rayon sakini Ramazan Camaləddin oğlu Şabanov olub. Bu münasibətlə R.Şabanovu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təbrik edib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən ölkəmizdə pensiya təyinatı sahəsində həyata keçirilmiş mühüm islahat tədbirinin bu sahədə vətəndaş məmnunluğuna imkan yaratdığını vurğulayıb. O, avtomatlaşdırılmış pensiya təyinatı sisteminin ilk iştirakçısı olan R.Şabanovu həm 64 yaşının tamam olması, həm də elə ad günündə elektron qaydada pensiya təyinatı aparılması ilə əlaqədar təbrik edərək, ona xoş arzularını bildirib.