Bakı Ali Neft Məktəbində “Süni intellekt nədir?” adlı layihə keçirilib


Digərləri 07 Yan 2019 11:35:00 212 0

Bakı Ali Neft Məktəbində “Süni intellekt nədir?” adlı layihə keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Süni intellekt nədir? - Gənc alimlər izah edir" adlı layihə həyata keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin elmə marağının artırılması, həmçinin tələbələrlə gənc alimlər arasında ünsiyyətin yaradılması olub.

Layihədə iştirak etmək üçün müxtəlif universitetlərdən 150 nəfərdən çox tələbə müraciət edib. Elektron qeydiyyat zamanı layihədən gözləntilərini ən yaxşı ifadə edən 100 nəfər iştirakçı seçilib. Layihə ərzində "Süni intellekt nədir?", "Dünyada süni intellektə mövcud elmi yanaşmalar hansılardır?" və "Smart materiallar nələrdir" adlı mövzularda 3 təlim keçirilib. Təlimlərdə BANM, Orta Doğu Texniki Universiteti (Türkiyə), Milan Politexnik Universiteti (İtaliya), Aaxen Texniki Universiteti (Almaniya), İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Layihəyə rəhbərlik edən BANM-ın Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva bildirib ki, təlimlər zamanı iştirakçılar verilən mövzularda nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.