Təfəkkürü gücləndirəcək


Digərləri 06 Yan 2019 22:25:00 195 0

Təfəkkürü gücləndirəcək

Əgər təfəkkür və düşüncə hissi insanda canlı olmazsa, insan necə elm öyrənə bilər, insanlara necə xidmət edə bilər ki?

Əgər təfəkkür və düşünmə qüvvə zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilmərik. Bu cür hallarda məntiqli həll yolu odur ki, insan öz təfəkkür qüvvəsini inkişaf etdirsin. Təfəkkürü gücləndirmək üçün bir neçə yol vardır ki, onlara işarə edək:

1. Müəllimin tövsiyələrindən istifadə etmək. İmam Əli (ə) səadətli insanlar qrupundan birinin tələbələr olduğunu bildirmişdir. Onlar təlim görür və ürəkyanan müəllimlər vasitəsilə düz yolu tapırlar.

2. Kitab və mütaliə ilə rabitədə olmaq. İmam Sadiq (ə) buyurur: "Elmi mövzular haqqında çoxlu mütaliə etmək ağlı açar və çiçəkləndirər".

3. Yer üzərində səyahət etmək və keçmişdəkilər haqqında mütaliə etmək. Quran insanları yer üzərində səyahət etməyə dəvət edir və buyurur: "De: "Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!"". ("Ənam" 11).

"(Ya peyğəmbər!) de: "Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!"". ("Nəml" 69).

"(Ya Peyğəmbər!) De: "Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir"". ("Ənkəbut" 20).

4. Kor-koranə təqliddən çəkinmək. Quran müşriklərin atalarına kor-koranə təqlid etməklərini məzəmmət edirdi. Allah Təala buyurur: "Onlar pis bir iş gördükləri zaman "atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir" deyərlər. De: "Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?"". ("Əraf" 28).

5. Alimlərlə rabitədə olmaq. İmam Əli (ə) buyurur:"Ağıllı insan üçün rabitəni kəsmək - nadanlara qoşulmağa bərabərdir". Həzrət Peyğəmbər (s) buyurur: "Yaxşı olar ki, aqil insan gecə və gündüzünü dörd hissəyə bölsün: onlardan biri dininə yardım edə biləcək alimlə oturub-durmaqdır".

6. Bildiklərinə əməl etmək. İnsan zehnini çiçəkləndirən amillərdən biri də odur ki, insan bildiklərinə əməl etsin. Belə bir ağıl daha yaxşı dərk etməyə başlayar. Ağılla əməl bir yerdə irəliləyər və qəlb məqamına çatar. Ondan sonra bir daha tək irəliləmək olmaz. İnsan bir addım atır və yüz addım onu apararlar. Ağıl insan vücudunu inkişaf etdirər.

İmam Sadiq (ə) buyurur: "Mömin ağlı kamil olmayınca kamala çatmaz. Ağıl kamala çatmaz o haldan savayı ki, onda bu on xüsusiyyət olar: xeyri hamıya çatar, insanlar şərindən amanda olarlar. Özündə olan yaxşı əməlləri az görər, başqalarının yaxşı az işlərini çox görər.

Əgər o, az çirkin iş görübsə, onu çox bilər. Əgər başqalarından çox sayda çirkin əməl müşahidə edərsə, onu az bilər. Əgər insanlar ondan çox şey istəyərsə, o, yorulmaz. Bütün ömrü boyu elm istəməkdən qalmaz. Xarlıq onun yanında izzətdən daha yaxşı və yoxsulluq sərvətdən daha sevimlidir.

O, dünyada az ruziyə qənaət edər. Hər kimlə rastlaşar, deyər ki, o, məndən daha yaxşıdır. Özündən təqvalı ilə görüşən zaman onun qarşısında təvazökarlıq edər. Ancaq özündən pis olanı ilə görüşən zaman öz-özünə deyər ki, bu insan ola bilsin ki, zahiri cəhətdən məndən pis görünür. Ancaq batini daha yaxşıdır. Əgər cəmiyyətdə bu cür düşünərlərsə, əsrinin insanlarından üstün olar. Onlara rəhbərlik edər".