Süd vəzi xərçəngi: qarşısını almaq olarmı?


Digərləri 06 Yan 2019 19:15:00 209 0

Süd vəzi xərçəngi: qarşısını almaq olarmı?

"Xərçəng dünyanın bəlasına çevrilmiş, dünyanın, eləcə də Azərbaycanın mübarizə apardığı, çarəsi üçün davamlı axtarışlar gedən bir xəstəlikdir. Bu gün müasir müayinə, müalicə metodları ilə əldə olunan nəticələr artıq xərçəngin sağalmaz deyil, sağalan xəstəliklər siyahısında olduğunu deməyə əsas verir. Bu gün biz də xərçəngin müalicəsində dünya ilə ayaqlaşmaqdayıq".

Bunu onkoloqZeynəb Allahverdiyeva deyib.

Mütəxəssis süd vəzi xərçənginin müalicəsində müsbət nəticələrin əldə olunmasında erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayıb və təəssüflə bildirib ki, bir çox hallarda qadınlar xəstəliyin kəskinləşdiyi hallarda həkimə müraciət edirlər: "Bu gün internet dövründə xanımlarımız o qədər də maarifsiz deyillər. Onlarda süd vəzi ilə bağlı hər hansı şübhə yaranan kimi internetdə araşdırma aparırlar. Təəssüf ki, çox zaman da elə internetdə olan məlumatlarla kifayətlənirlər, yəni həkimə müraciət etmirlər. Bir xanım süd vəzində düyün, ağrı hiss edirsə, hökmən həkimə müraciət etməlidir. Çox zaman xəstəliyin ilk anlarında ağrı soyuqdəymə ilə əlaqələndirir. Biz bu hallarla tez-tez qarşılaşırıq. İstənilən halda süd vəzlərində hər hansı bir kütlə, hər hansı bərk törəmə hiss etdikdə həkimə müraciət olunmalıdır. Amma onu da deyim ki, öncəki illərlə müqayisədə xanımların həkimə müraciəti çoxalıb".

Süd vəzi xərçənginin səbəbi dəqiq məlum olmayan xəstəliklər siyahısında olduğunu deyən həkim buna baxmayaraq, bir çox faktorların səbəb kimi qəbul edildiyini bildirib:

"Erkən ailə qurma, gec ailə qurma, erkən doğuşlar, ilkin doğuşun gec olması, aybaşı tsiklinin daha erkən, yaxud daha gec yaşlarda baş verməsi, metabolizm prosesində pozğunluqların yaranması və genetik faktor xüsusilə rol oynayır".

Z. Allahverdiyeva səbəb olan əsas amillərdən biri kimi stress faktorunu vurğulayıb.

Problemin yaranmasında genetik amilin rolu haqda danışan həkim bildirib ki, süd vəzi xərçənginin əmələ gəlməsi əsasən ana xətti ilə bağlı olur. Yəni ana, bacı, nənə və digər yaxınlarda, qohumlarda bu problem varsa, nəsildə olan qadınlar risk qrupuna daxildirlər.

Onkoloq qeyd edib ki, süd vəzi xərçəngi erkən - birinci mərhələdə aşkarlandıqda, xəstənin yüz faiz sağalma şansı var: "Süd vəzində hər hansı ağrı, kütlə hiss edən qadınlarda ilk anda xof, qorxu yaranır. O anda "məndə xərçəng xəstəliyi varmı" deyə sual edirlər. Amma həmən təlaş keçirməyə dəyməz. Ağrı daha çox süd vəzinin xoşxassəli düyünlərinin xarakteristikasına aiddir. Bundan qorxmaq lazım deyil".

Onun sözlərinə görə, bu düyünlərin çox az hallarda gələcəkdə bədxassəli şişə çevrilmə ehtimalı var.

Həkim deyib ki, süd vəzisində xərçəng ilkin mərhələdə aşkarlandıqda cərrahiyə əməliyyatı lokal olaraq icra edilir və xəstə illərlə kontrolda saxlanılır.

Onkoloq onu da deyib ki, xanımlar özləri-özlərini müayinə etməyi bacarmalıdırlar. Hər iki qolu yuxarı qaldırmaqla, süd vəzini basmaqla, düyünü yoxlamalıdırlar. Həkim qeyd edib ki, bədxassəli düyünlər ilkin dövrdə bərk, ağrısız və hərəkətsiz olur: "Süd vəzi dərisində portağal qabığına bənzər dərinin olması, qızartı kimi simptomlar, gilənin içəriyə dartılması 90% süd vəzi xərçənginin əlamətləridir. Amma bəzi hallarda süd vəzi giləsinin içəriyə dartılması genetik, yəni fizioloji olur".