Dünya Brayl Əlifbası Günü ilk dəfə BMT səviyyəsində qeyd edilir


Dünya 04 Yan 2019 21:12:00 305 0

Dünya Brayl Əlifbası Günü ilk dəfə BMT səviyyəsində qeyd edilir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2018-ci il dekabrın 19-da keçirilən iclasında hər il yanvarın 4-ü rəsmən Dünya Brayl Əlifbası Günü elan edilib. Təşkilatın tövsiyəsi əsasında bu münasibətlə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda müxtəlif tədbirlər keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə deyilir: "BMT-yə üzv dövlətlər Əlillərin Hüquqları üzrə Konvensiyada təsbit olunmuş Brayl əlifbasının kor və görmə qabiliyyəti çox zəif insanların ünsiyyət vasitəsi olduğu, onların təhsilində, ifadə və etiqad azadlıqlarının təmin edilməsi üçün informasiya almalarında mühüm rol oynadığı barədə müddəaları bir daha təsdiq ediblər.

Baş Assambleya qərara alır ki, yanvarın 4-ü rəsmən Dünya Brayl Əlifbası Günü elan edilsin və 2019-cu ildən etibarən üzv dövlətlərin hamısında müvafiq tədbirlərin keçirilməsi tövsiyə olunsun".

Qətnamədə diqqətə çatdırılır ki, hazırda dünyada 10 milyona yaxın kor insan var, daha 130 milyon nəfərin isə görmə qabiliyyəti çox zəifdir.