Deputat: Vəzifəmiz təbliğ etməkdir: Nizami Azərbaycan şairidir


Digərləri 04 Yan 2019 12:12:00 223 0

Deputat: Vəzifəmiz təbliğ etməkdir: Nizami Azərbaycan şairidir

Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir.

Bakı. Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir. O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: “İlahi, sən özün türk balasını qoru”. Hansı ata türk olmadan öz övladına “türk balası”, - deyə, müraciət edər, onu türk adlandırar?! Trend-in məlumatına görə, bunu AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ətrafında yenidən açılan müzakirələrə, onun bəzi müəlliflər tərəfindən fars şairi adlandırılmasına münasibətini bildirərkən deyib. G.Baxşəliyeva qeyd edib ki, Nizaminin şeir üslubu fars dilində “səbki-Azərbaycani” adlanır: “Yəni, fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər o üslubda yazırdı və o üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının ən böyük şairi Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub. O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı? Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks etdirib bütün yaradıcılığında. Nizami də bütün əsərlərində, yaradıcılığında o vaxtkı Gəncənin, Azərbaycanın mənzərəsini yaradıb. İndi ona necə fars şairi demək olar?” - deyən şərqşünas-alim qeyd edib ki, Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanacan (Mərkəzi Asiya da daxil olmaqla) bütün regionun şeir dili fars dili idi. “Zəbani farsi xeyli şirin”. Millət vəkili vurğulayıb ki, fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi: "Təkcə Nizami deyil, digər dahilər, məsələn, Cəlaləddin Rumi farsca yazıb-yaradırdı. Onlarca, yüzlərcə digər şairlər də öz əsərlərini farsca qələmə alırdı. Hətta 18-ci əsrdə də elə şairlər olub ki, onlar farsca yazıblar öz şeirlərini.