“Qızlar sənətimə görə mənimlə evlənmirlər” VİDEO FOTO


Digərləri 04 Yan 2019 11:04:00 353 0

“Qızlar sənətimə görə mənimlə evlənmirlər”  VİDEO  FOTO

Son.az qafqazinfo-nun reportajını təqdim edir:

Qarşılaşdığımız zaman obrazda olduğu üçün səsi, görünüşü, yerişi belə bizə tam fərqli gəlir. Günlərdir telefonla danışdığımız adamdan əsər-əlamət yoxdur. Bir müddət çaşqınlıqla hər hərəkətini izləyirik. Budur, işi bitir və bizdən qısa bir vaxt istəyib əynini dəyişmək üçün otağa gedir.

Aha, bu dəfə də tam başqa bir obrazda, səsdə qayıdır. İndi gəl, buna öyrəş.

Müsahibim hardasa 15-20 dəqiqədir ki, danışırdı. Özünü çox aydın ifadə etdiyi üçün arada qısa suallar verməklə kifayətlənib qalan müddəti maraqla dinləyirdim. Ancaq birdən fikir verdim ki, bu müddət ərzində bir dəfə də olsun onun peşəsinin adını çəkməmişik. Elə hey bu sənət deyə bəhs edirik. Bunu ona deyirəm, gülürük. Özünü səliqəyə salıb sözünə yenidən başlayır:

"Mən, Ağa Piriyev. Ancaq sizin tanıdığınız obrazla desək, Aquşa. Artıq 11 ildir ki, bu sənətlə (bu dəfə zarafat üçün belə deyir, yenə gülürük) üzr istəyirəm, çaşdım, kloun peşəsi ilə məşğulam. Uşaq yaşlarımdan güldürməyi sevən biri olmuşam. Rusiyada yaşamışıq. Məktəbdə oxuduğum zamanlarda da deyib-gülən idim, kampaniyaların ruhu olan insanlar var ha? Bax o insan mən olmuşam. Bakıya köçəndən sonra qohumumuzun ad günü məclisindəki klounla maraqlanmağa başladım, o da məni köməkçi kimi dəvət etdi. Maraqlı gəldiyi üçün elə onunla birgə başlamaq qərarına gəldim. Onda maşın bazarında çalışırdım, həmçinin Milli Aviasiya Akademiyasının birinci kursunu bitirmişdim. 

- Dediniz ki, hələ birinci kursda oxuyurdunuz. Ancaq görünür ki, tam başqa sahələrə marağınız olub. Ali məktəbə istəmədən qəbul olmuşduz?

- Uşaqlıqdan İncəsənət Universitetində oxumaq, aktyor olmaq istəyirdim. Mənim bu arzuma qohumlarımız güldü. Dedilər ki, bizim nəslimizdən mütrif çıxmayıb. Tək qaldım, arxamda duran olmadı. Heç kim mənim arzumu ciddi qəbul etmədi. Odur ki, mən də Milli Aviasiya Akademiyasına sənədlərimi verdim və qəbul oldum. 

- Bəs sonradan kloun kimi fəaliyyət göstərəndə qohumlarınızın, xüsusilə də atanızın reaksiyası necə oldu?

- Heç kimə deməmişdim. Bircə anam bilirdi, o da elə də ciddi qəbul etmirdi. Düşünürdü ki, keçici həvəsdir və əsgərlikdən sonra oxuduğum sahə üzrə çalışacam. Ancaq sonradan o da gördü ki, mən bu sənətlə nəfəs alıram. Bu, mənim işimdir. Atam isə 7-8 il bilməyib. Qorxurdum ki, reaksiyası sərt olar və bizim aramızda söz-söhbət yaranar. 

Sonradan da mən deməmişəm. Qohumlarımız yutub kanalımdakı videoları ona göstərib və elə bilib. Bir az gülümsədi sadəcə, heç bir söz demədi. Bugünkü gündə də "oğlun nə işlə məşğuldur?" sualına "təşkilatçıdır" cavabını verir. Kişi köhnələrdəndir və mənim gördüyüm işi ciddi qəbul etmir. Bizim mentalitetimizə görə, kloun sənəti kişiyə yaraşmır. Qəbul etməyən adam çoxdur. Məni görəndə deyirlər "gör neçə yaşın var, get özünə sənət tap!". Nə deyə bilərəm, yazıq insanlardır. 

Bu sənət orta əsrlərdən qalıb. Sarayda kralın yanında fəaliyyət göstərən təlxəklər idarəetmədə əsas adamlardan olub. Çünki həyata başqa prizmadan baxırdılar.

- Bəs kloun sənətini sizə bu qədər sevdirən nədir?

- İnsanlara təbəssüm bəxş edəndə dünya mənim olur. İnanın ki, nə pul, nə başqa bir şey bu qədər dəyərli ola bilər. İnsan pozitiv, alturist olmalıdır. Düşünürəm ki, bu mənim missiyamdır.

Əgər biz bu mentalitetlə getsəydik, bizim teatrlarımız inkişaf etməzdi, gözəl aktyorlarımız olmazdı. İnsanları güldürməkdən heç vaxt bezmərəm, yorulmaram. Əgər bilsəm ki, 10 nəfərdən ikisi güləcək, bu, böyük müvəffəqiyyətdir. Onsuz da bu dünyada müvəqqəti yaşayırıq, heç olmasa bir-birimizə dəstək olaq, sevindirək. İnsanlarımız hardasa qaranlığın içində yaşayır.

- Sizinlə bir gün keçirdik və gördük ki, dəvət olunduğunuz tədbirlərlə yanaşı küçədə qarşınıza keçən insanları da əyləndirməyi sevirsiz. Bu, sizin həyat tərziniz kimidir. Bəs sərt reaksiyalar gələn zaman çəkinmirsiz?

- Bəli, çox vaxt yol gedərkən maşından insanları səsləyirəm. Hər kəs bir cür reaksiya verir. Artıq 70% insandan normal reaksiya alıramsa, 30%-lik kəsim qəbul edə bilmir. Nəsə sıxılırlar, qorxurlar sevinməyə, müsbət reaksiya verməyə. Bizim insanlarımız çox komplekslidir. 


Xəbərə aid fotolar