"Azərsu" Nobel prospektində tixac yaradan yol çökməsi məsələsinə aydınlıq gətirdi


Digərləri 03 Yan 2019 11:19:21 474 0

"Azərsu" Nobel prospektində tixac yaradan yol çökməsi məsələsinə aydınlıq gətirdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb.

Bakı. Samir Əli - "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb. Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O, bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur. İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da sadəcə ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".