Ölümlə bağlı daha bir sirr


Digərləri 01 Yan 2019 21:45:00 245 0

Ölümlə bağlı daha bir sirr

Ölümün sirlərini hüceyrə səviyyəsində araşdırmağa çalışan alimlər həyatın bir anda başa çatmadığını, güman edilənin əksinə olaraq daxildə də proses baş verdiyini ortaya çıxarıb. Alimlər nəfəs alıb-verməyin və ürək döyüntüsünün dayanması kimi tanınan ölümdən sonra bədəndəki hər bir hüceyrənin öz ölüm prosesini başladığını kəşf edib.

Nyu-York Universiteti Tibb Fakültəsindən Dr.Sam Parnia konfransdakı çıxışında, "İnsan artıq nəfəs almayanda və ürəyi dayananda ölü qəbul edilir. Əvvəllər bunu dəyişmək üçün heç bir şey edilməyəcəyi düşünülürdü. Halbuki yenidən diriltmə sahəsindəki son hadisələr, adamın ürəyi dayandıqdan bir neçə saat sonra belə, yenidən həyata qaytarmağın mümkün olduğunu göstərdi", - deyə bildirib.

Parnia hüceyrə səviyyəsindəki ölüm prosesinin saatlarla davam etdiyini və geri qaytarılmasının mümkün olduğunu bildirib.

Kolumbiya Universitetinin Nevrologiya Kafedrasının doktoru Ştefan Mayer isə, "əvvəllər ürəyin bütün bədənə qan vurmağı dayandırmasından sonra adamın oksigen və lazımlı qida maddələrinin çatışmazlığı səbəbindən bir neçə dəqiqə ərzində beyin zədələnməsinə məruz qalacağına inanırdılar. Halbuki ürək dayananda, ölüm prosesi hələ yeni başlamış olur. Oksigen və qida maddələrinin yoxluğuna bağlı beyin zədələnməsi də müxtəlif mərhələlərdə yaranır. Ürəyin dayanmasından sonrakı saniyələr ərzində beyin fəallığı bitir, ancaq qidasız qalan hüceyrələrin ölmə prosesinin başlanması bir neçə dəqiqədən sonra olur", - deyə qeyd edib.

Pensilvaniya Universitetindən Dr.Lance Becker, "Bir adamın hüceyrələrinə oksigen getməyəndə, hüceyrələrə artıq ölüm vaxtının gəldiyi xəbərini verən siqnallar göndərilir. Elm bu siqnalları "gözləyin" şəklində dəyişdirmək imkanına malikdir", - deyə qeyd edib.

Beyni və ürəyi saatlarla səssiz qaldıqdan sonra hər hansı bir beyin zədəsinə məruz qalmadan yenidən həyata qayıdan insanlar olduğunu xatırladan Dr.Becker, bu hallarda ən mühüm amilin bədən temperaturunun düşməsi kimi tanınan hipotermiya olduğuna işarə edib.