Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT Baş katibinə etiraz məktubu ünvanlayıb


Digərləri 30 Dek 2018 13:43:47 318 0

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT Baş katibinə etiraz məktubu ünvanlayıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT Baş katibinə etiraz məktubu ünvanlayıb

Bakı. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev Ermənistan Respublikasının ölkəmizin Konstitusiyası, BMT Nizamnaməsi, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılmasına qarşı BMT-nin Baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb. Trend-in məlumatına görə, məktubda Ermənistanın hərbi gücdən istəfadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdiyi və bu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək rasist azlıq rejimini yaratdığı qeyd olunur. Ermənistanın başlatdığı müharibə nəticəsində on minlərlə Azərbaycanlının həyatına son qoyulduğu, şəhərləri, qəsəbələri, kəndləri darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır. Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməklə danılmaz faktları təkzib etməyə və məsuliyyətdən boyun qaçırmağa çalışır, BMT üzvlüyündən sui istifadə edərək beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirir. Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edib. Burada vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir və onlar elə əvvəlindən rədd edilməli və nəzərə alınmamalıdır.