Çindən Avropayadək: Yeni il


Digərləri 27 Dek 2018 22:28:00 460 0

Çindən Avropayadək: Yeni il

Yeni il bayramı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində böyük təmtəraqla qeyd olunur. Maraqlıdır, xaricdə yaşayan azərbaycanlılar bu il yeni ili necə qeyd edəcəklər?

Çinin Hefei şəhərində yerləşən "University of Science and Technology of China" (USTC) universitetinin magistratura pilləsində təhsil alan həmsöhbətimiz Ülkər Eldarqızı oradakı ab-havadan danışıb: "Çinin çox da böyük olmayan, həmçinin turizm üçün əlverişsiz şəhərində yaşayıram. Nəinki yaşadığım şəhərdə, ümumiyyətlə, Çində yeni il bayramı elə də məşhur deyil. Şanxay və Pekin kimi şəhərlərdə xaricdən gələnlərin sayı çox olduğu üçün, nisbətən də olsa, yeni il əhval-ruhiyyəsi hiss olunur".

"Deyilənə görə, yeni il gecəsi Şanxayda atəşfəşanlıq olur. Lakin Hefeidə yeni illə bağlı heç bir mərasim qeyd olunmur. Buna baxmayaraq universitetlərdə xarici tələbələr üçün yeni il şənliyi təşkil olunur. Ailəmizdən uzaq olduğumuz üçün biz burada tələbələrlə bir ailə olmuşuq. Yəqin ki, bayramı da tələbə dostlarla birgə qeyd edəcəyik" - deyə həmyerlimiz qeyd edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Almaniyanın Nürnberg şəhərində yaşayan Sevil Zeynalqızı da oradakı ab-havadan danışıb: "Almaniyada əsas bayram "Weihanchten" (Milad Bayramı - İsa peyğəmbərin doğum günü) adlanır. Bu bayram dekabrın 24-də qeyd olunur. Weihanchten bayramının almanlar üçün xüsusi önəmi var. Bütün dünyada olduğu kimi həmin gün Almaniyada da bayram süfrəsi açılır. Bayram süfrəsində isə kartofdan hazırlanmış salat, balıq və "Lebkuchen" adlı ədviyyatlı keksin olması mütləqdir. Bu bayramdan dörd həftə əvvəl bütün şəhərlərdə Milad bazarları açılır".

Həmsöhbətimizin sözlərinə görə, Almaniyada Milad bayramı digər ölkələrdən daha fərqli qeyd olunur: "Almaniyada fərqli olan daha bir adət isə küknar ağacları ilə bağlıdır. Belə ki, evlərdə plastik ağaclar yox, təbii küknar ağacları bəzədilir. Çünki plastik ağacların bəzədilməsi dini baxımdan doğru hesab olunmur. Həmin gün erkən saatlarda bütün ailə üzvləri birgə yemək yeyir, mahnı oxuyur, sonra küknar ağaclarının altına qoyulmuş hədiyyələri açır".

"Bu bayramda uşaqlar daha çox diqqət mərkəzində olurlar. Bayram ərəfəsində dövlət tərəfindən uşaqlar üçün kiçik bayram bazarları təşkil edilir. Bütün uşaqlı ailələrə əvvəlcədən dəvətnamələr göndərilir. Uşaqlar onlara göndərilən ulduz şəklində kəsilmiş kağız parçaları ilə kiçik bayram bazarlarından istədikləri hazır yemək, şirniyyat və içkiləri ala bilirlər. Şənlikdə uşaqlara hədiyyələr paylanılır, həmçinin əyləncəli oyunlar təşkil edilir. Dövlət tərəfindən uşağı olan aztəminatlı ailələrə maddi yardımlar da edilir" - deyə S.Eyvazqızı əlavə edib.

Hazırda Türkiyədə təhsil alan Aysel Kərimova yeni ili elə qonşu ölkədə qeyd edəcəyini deyib: "Təhsilimi Aksaray Universitetində davam etdirdiyim üçün yeni ili də elə burada qarşılayacağam. Burada yeni il bayramına münasibət hər şəhərdə bir cürdür. Məsələn, İç Anadolu adlanan bölgənin sakinləri daha mühafizəkar olduqlarından bayramı qeyd etmirlər. Onlar bu bayramı öz inanclarına zidd hesab edirlər. Sahil bölgəsinin əhalisinin hamısı olmasa da, sakinlərinin bir qismi 31 dekabrı gecə saatlarınadək qeyd edirlər".