2018ci il turizm sahəsində necə yadda qaldı?


Digərləri 26 Dek 2018 23:02:00 532 0

2018ci il turizm sahəsində necə yadda qaldı?

Dövlət Turizm Agentliyi, milli turizm brendi yaradıldı, bir çox yeniliklər oldu 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son zamanlar qeyri-neft sektoruna diqqət artıb. Xüsusilə də turizmin inkişafına həm dövlət, həm də özəl sektorun marağı böyükdür. Və bu istiqamətdə ardıcıl olaraq addımlar atılır. Maraqlıdır, 2018-ci ildə turizm sahəsində nə baş verdi, bitməyinə günlər qalan il turizm baxımından hansı hadisələrlə yadda qaldı və 2019-cu ildə bu sahədən gözləntilər nələrdir?

İlk olaraq qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Bu yolun turizm sahəsinin inkişafına böyük təkan verəcəyi qeyd edildi. Belə ki, bu layihənin həm neft, həm də qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərəcəyi gözlənilir. Dəmir yolu ölkəmizin iqtisadi baxımdan da bir sıra nailiyyətlər əldə etməsinə, həmçinin üç ölkə arasında əlaqələrin genişlənməsinə, bir sıra inkişafyönümlü layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Digər bir tərəfdən, ölkəmizdə dəmir yolu turizminin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. 

Bundan başqa, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışlarının birində turizmlə bağlı bəzi məqamlara toxunub. O, qeyd edib ki, hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir: "Müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarə edilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında Fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir".   F.Nağıyev çıxışında, həmçinin agentliyin bundan sonrakı mərhələdə hansı sahələrə daha çox diqqət ayıracağını, hansı sahələrin prioritet seçildiyini də açıqlayıb: "Yeni turizm siyasəti formalaşdırılacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək, dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək. Turistlərin məmnunluğunu artırmaq, qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq. Həmçinin Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün turizm bazarlarında daimi turizm nümayəndəlikləri yaradılacaq".