Gürcüstan ictimai yerlərdə çadra və niqabı qadağan edir FOTO


Dünya 26 Dek 2018 14:45:00 313 0

Gürcüstan ictimai yerlərdə çadra və niqabı qadağan edir  FOTO

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində ictimai yerlərdə çadra, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Son.az report-a istinadən xəbər verir ki, sənədin müəllifi olan Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.

E.Kvitisiani qanun layihəsindən çadra sözünün çıxarıldığını deyib. O, bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu qeyd edib.

Deputat Anri Oxanaşvili qanun layihəsinin daha geniş formatda müzakirə olunmasının tərəfdarı olduğunu deyib: "Biz multietnik cəmiyyətdə yaşayırıq və bir-birimizin hüquqlarına hörmətlə yanaşırıq. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmalıyıq".

Parlament üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, təklif olunan qanun layihəsi insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdırır.

Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirdiyini deyib: "Niqab və burkaya gəlincə, deyə bilmərik ki, İslamda qadınların bu geyimlərdə olması qəti şərtdir. Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtülməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur".


Xəbərə aid fotolar