Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyətə başlayıb


Digərləri 25 Dek 2018 18:39:00 290 0

Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyətə başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ölkə regionlarında "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son.az bildirir ki, İqtaisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə Gənclər Evində və İqtisadiyyat Nazirliyinin Yevlaxda yerləşən Regional İnkişaf Mərkəzində Agentliyin "KOB Dostu" fəaliyyətə başlayıb. "KOB Dostu" kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Gəncə, Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərəcəkdir.

Bununla bağlı Gəncədə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, Agentliyin yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, "KOB Dostu" sahibkarlarla sıx işləyən və onlara müxtəlif xidmətlər və hərtərəfli dəstək göstərən mexanizmdir. İlk "KOB Dostu" bu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Xaçmazda, Siyəzəndə və Şabranda "KOB Dostu" sahibkarların xidmətinə verilib. Bu ilin sonunadək Quba və Qusarda "KOB Dostu"nun fəaliyyətə başlaması nəzərdə tutulur. Ölkənin digər iri şəhər və rayonlarında da "KOB Dostu"nun yaradılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, ölkənin 10 iqtisadi rayonu üzrə 60 "KOB Dostu"nun yaradılması və ilkin olaraq Bakıda "KOB Evi"nin təşkili işləri davam etdirilir.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, "KOB Dostu"nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra "KOB Dostu" ilə bağlı təqdimat keçirilib. Təqdimatda "KOB Dostu"nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.


Xəbərə aid fotolar